İran vurduğu Amerika pilotsuz təyyarəsinin eynisini yaradır
22 Aprel 2012 Bazar 16:35
İslam Respublikasının mütəxəssisləri "RQ-170" uçan aparatının kompüter sistemindəki məlumatları da bərpa edib.
İran 2011-ci ildə ələ keçirdiyi Birləşmiş Ştatlarına məxsus "RQ-170" tipli pilotsuz təyyarənin eynisini yaratmaq üçün işlərə başlayıb. Bu barədə "Associated Press" agentliyi İranın kütləvi-informasiya vasitələrinə istinadən məlumat verir.
İslam İnqilabı Keşikçiləri Korpusunun ən nüfuzlu hava-kosmik bölməsinin komandiri, general Əmir Əli Hacızadənin bildirdiyinə görə, İran mütəxəssisləri Amerika hərbçilərinin istifadə etdiyi texnologiyanı əsas götürərək, eyni pilotsuz təyyarənin yaradılmasına başlayıblar. Bundan başqa, İran mütəxəssisləri ABŞ pilotsuz təyyarəsinin kompüter sistemində olan məlumatları bərpa edə biliblər.
Xatırladaq ki, İran hərbçilərinin ABŞ-a məxsus "RQ-170" pilotsuz təyyarəsini vurmalarına dair məlumatlar 2011-ci ilin dekabrında yayılıb. Bundan sonra İran həmin uçan aparatın əks olunduğu videoyazı yaymışdı ki, həmin videoyazıda pilotsuz təyyarənin ciddi zədə almadığı görünürdü. Dekabrın ortalarında isə Amerika Birləşmiş Ştatları rəsmi şəkildə İrandan pilotsuz təyyarənin qaytarılmasını tələb etsə də, İran bu tələbə rədd cavabı vermişdi.
DOSTLARINLA PAYLAŞ: