İran uranın Türkiyə ərazisində zənginləşdirilməsinə razılıq verib
17 May 2010 Bazar Ertəsi 10:30
İranın nüvə probleminin həlli istiqamətində tarixi addım atılıb və bu ölkə uranın Türkiyə ərazisində zənginləşdirilməsinə razılıq verib.
APA-nın Türkiyə və Qərb informasiya agentliklərinə istinadən verdiyi məlumata görə, uranın zənginləşdirmək məqsədilə Türkiyəyə göndərilməsi barədə razılıq mayın 16-da İran və vasitəçi ölkələr – Türkiyə ilə Braziliyanın xarici işlər nazirləri arasında Tehranda keçirilən danışıqlarda əldə olunub. Razılaşmanın detalları hələlik bəlli deyil. Son detallar İran prezidenti Mahmud Əhmədinejad, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Braziliya prezidenti İnasiu Lula da Silva arasında bu gün (17 may) Tehranda keçiriləcək görüşdə razılaşdırılacaq və rəsmən elan olunacaq. R. T. Ərdoğan mayın 16-da bu məqsədlə qəflətən Tehrana uçub. Braziliya prezidenti də bu ölkədədir.

Qeyd edək ki, İranın nüvə probleminə dair danışıqları aparan “altılıq” ölkələri İrana az zənginləşdirilmiş uranı Rusiya və ya Fransaya göndərməyi təklif edirdi. Bunun əvəzində İrana 20% zənginləşdirilmiş uran təklif olunurdu. Tehran əvvəlcə bu təklifi rədd edirdi. Lakin nüvə silahının yayılmaması barədə müqavilənin yerinə yetirilməsinə dair konfransda M. Əhmədinejad təklifi müzakirə edə biləcəklərini bildirmişdi. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar