İran Türkiyəyə qaz nəqlini dayandırıb
26 Avqust 2010 Cümə Axşamı 14:30
İran Türkiyəyə qaz nəqlini tamamilə dayandırıb. “APA-ECONOMICS”in İRNA-ya istinadən xəbərinə görə, bu barədə İran Milli Qaz Şirkətinin sözçüsü Məcid Bucarzadə açıqlama verib.
Onun sözlərinə görə, qazın nəqli Türkiyə tərəfinin xahişi ilə Türkiyə ərazisindəki texniki problemlər səbəbindən dayandırılıb: “Bu problemlər aradan qaldırılandan sonra İran tərəfi qaz nəqlini istənilən an bərpa etməyə hazırdır”.
Qeyd edək ki, avqustun 24-də Bakı vaxtı ilə saat 23:30 radələrində Türkiyənin Ağrı vilayətinin Eleşkirt qəsəbəsində İrandan gələn təbii qaz kəmərində partlayış baş verib. Partlayış nəticəsində baş verən yanğın söndürülüb. Partlayışın terror aktı olduğu və PKK yaraqlıları tərəfindən törədildiyi ehtimal edilir.
“APA-ECONOMICS”in Anadolu Agentliyinə istinadən xəbərinə görə, Türkiyənin enerji və təbii qaynaqlar naziri Taner Yıldız jurnalistlərə açıqlamasında İrandan qaz nəqlində yaranan fasilənin ölkəsində hiss olunmayacağını bildirib: “Azərbaycan və Rusiyadan alınan qaz Türkiyənin hazırkı tələbatını tamamilə ödəyir. Yəqin ki, yaxın 7-8 gün ərzində zədələnmiş qaz kəməri təmir olunar və İrandan qaz nəqli bərpa edilər”. APA
DOSTLARINLA PAYLAŞ: