İran: Suriyada baş verənlərin İsrailin planı olduğunu düşünürük
08 İyul 2012 Bazar 12:22
İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst Suriya və Türkiyəni də soyuqqanlı olmağa çağırıb.
İran Suriya ilə Türkiyə arasında gərginliyə münasibət bildirirərək, hər iki tərəfi təmkinli olmağa çağırıb. Bu barədə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst Türkiyənin "İhlas" xəbər agentliyinə müsahibəsində danışıb.
"Bizim Türkiyə ilə Suriya arasında baş verən hadisələrlə bağlı mövqeyimiz olduqca açıqdır. Həm Türkiyə ilə, həm də Suriya ilə əlaqələrimiz var. Hər iki tərəfi soyuqqanlı olmağa dəvət edirik. Hər iki ölkəni problemləri güc tətbiqi ilə deyil, danışıqlar yolu ilə həll etməyə dəvət edirik. Bölgəmizdə bir etimad mühiti yaratmağa və bütün qeyri-sabitliklərin öhdəsindən gəlməyə çalışmalıyıq. Burada bir nöqtədə qeyri-sabitlik bütün bölgənin qeyri-sabit vəziyyətə gəlib çıxmasına yol aça bilər." - deyə, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib.
Ramin Mehmanpərəst həmçinin region ölkələrinin əməkdaşlığı gücləndirməli olduğunu vurğulayıb: "Suriyada baş verənlərin İsrailin planı olduğunu düşünürük. Onlar bölgədəki islami oyanışdan və diktatorların devrilməsindən olduqca narahatdırlar. Region xalqları digər ölkələrin mənfur niyyətlərinə alət olmalarına yol verməməlidir".
İranın Xarici İşlər Nazirliyinin nümayəndəsi həmçinin Suriyada münaqişənin həlli yolunun Suriya hökuməti ilə müxalifət arasında dialoqun sülh şəraitində həyata keçirilməsində gördüklərini bildirib. "Hökumətlə müxalifət arasındakı münasibətləri düzəldəcək addımların atılması zəruridir", - Ramin Mehmanpərəst belə deyib.
DOSTLARINLA PAYLAŞ: