İran Sərhəd Qoşunlarının komandanı növbəti dəfə Azərbaycanı ittiham edib
10 Yanvar 2012 Çərşənbə Axşamı 12:16
Bir müddət əvvəl Azərbaycan tərəfi İran sərhədini pozmuşdu.
Belə ki, qonşu ölkənin sərhədçiləri qanunsuz olaraq İran ərazisinə daxil olmuşdu. İran tərəfinin xəbərdarlığı nəticəsində onlardan ikisi silahını yerə atıb, lakin üçüncüsü sərhədçilərimizə hücum məqsədilə yaxınlaşarkən ayağı əvəzinə, səhvən qarnından güllə ilə vurularaq öldürülüb. Azərbaycan isə qarşıdurmanın öz sərhədləri daxilində baş verdiyini, İran sərhədçilərinin də cansız bədəni ölkə ərazisinə apardıqlarını iddia edir”. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu fikirləri İran Sərhəd Qoşunlarının komandanı, general Hüseyn Zülfüqari jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, bu hadisədən sonra Azərbaycan sərhədçiləri tərəfindən silahsız iranlı əsgərə 14 güllə vurulması qarşı tərəfin qərəzliyinin göstəricisidir: “Bu, Azərbaycan sərhədçilərinin qəsdən atəş açmasını göstərir. Əgər əməkdaşlıq etmək iddiasındadırlarsa, davranışları və söylədikləri arasında məntiqsizlik olmamalıdır”.
Hüseyn Zülfüqari deyib ki, bu səbəbdən İran ölkə sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün yeni layihənin icrasına başlayacaq: “Bunun üçün sərhədlərdə ölkə istehsalı olan videokameralar quraşdırılacaq. Artıq onlardan bəziləri sınaqdan keçirilib və istifadəsinə icazə verilib. Hətta layihə çərçivəsində sərhədlərimiz ölkənin və əyalətlərin mərkəzlərində quraşdırılmış monitorlar vasitəsilə canlı şəkildə də izlənilə biləcək”.
DOSTLARINLA PAYLAŞ: