İran Rəfsəncaninin oğlu barədə İnterpol vasitəsilə axtarış elan edəcək
13 Mart 2010 Şənbə 12:05
İranın keçmiş prezidenti Haşimi Rəfsəncaninin oğlu Mehdi Haşimi Londondan İnterpol vasitəsilə Tehrana gətirilə bilər.
APA-nın “Farsnews”a istinadən məlumatına görə, bu sözləri İran parlamentinin mühafizəkar deputatlarından biri, fraksiya rəhbəri Ruhullah Hüseyniyan deyib.

R.Hüseyniyan bildirib ki, məhkəmə Mehdi Haşiminin Londondan ölkəyə qayıtmasını gözləməməlidir: “Biz İnqilab Məhkəməsinin Haşimi Rəfsəncaninin övladları Faizə və Mehdi Haşimilər haqqında cinayət işin başlamasını dəstəkləyirik. Bu, ədalətli bir iş olmalıdır ki, bununla da digər fitnəkar rəhbərlərin məhkəməyə cəlb edilməsi prosesi başlasın”.

Deputat məhkəmənin gedişatını ləngitməyin qanunsuz olduğunu bəyan edib: “Mehdi Haşiminin Londona doktorluq diplomu almağa getmək məsələsi çox uzandı. O, bəlkə də heç qayıtmadı. Əvvəl deyirdilər universitetə baş çəkmək üçün Londona gedib, sonradan isə atası bəyan etdi ki, Mehdi doktorluq diplomu almağa gedib. Biz bunun hansını əsas tutaq? Məhkəmə Mehdi Haşimini İnterpola müraciət etməklə ölkəyə gətirə bilər”.

R.Hüseyniyan 114 millət vəkilinin prezidentliyə keçmiş namizəd Mirhüseyn Musəvi haqda məhkəməyə ünvanladığı şikayət məktubuna da toxunub: “Hazırda məhkəmədə bu şikayət məktubu barəsində də məsələ qaldırılıb. Ümid edirəm ki, tez bir zamanda Mirhüseyn Musəvi haqqında da cinayət işinin başlanması təmin olunacaq”. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar