İran qərbə qapılarını bağladı
02 Dekabr 2009 Çərşənbə 14:30
İran qərbə qapılarını bağladı. Əhmədinejad: "Danışıqların davam etdirilməsinə ehtiyac qalmayıb".
İran prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qətnamə çıxarmasından sonra rəsmi Tehran BMT-nin bu təşkilatı ilə əməkdaşlığın məhdudlaşdırılmasının mümkünlüyünü nəzərdən keçirir. Mahmud Əhmədinejadın sözlərinə görə, nüvə proqramı ilə bağlı danışıqların davam etdirilməsinə artıq ehtiyac qalmayıb. Nüvə proqramı ilə bağlı bütün məsələlərin həll edildiyini deyən İran lideri rəsmi Tehranın addımlarının mövcud qanunvericilik çərçivəsində olduğunu bildirib.
İran prezidenti ötən axşam televiziya ilə birbaşa yayımlanan çıxışında Rusiyanın Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son qətnaməsinə dəstək verməsini tənqid edib və bunu səhv addım adlandırıb. Onun sözlərinə görə, İrana qarşı düşmənçiliyi olan Böyük Britaniya və İsrail təşkilatın mövqeyinə təsir göstərib. Mahmud Əhmədinejad həmçinin qeyd edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin qətnaməsinin ardınca BMT Təhlükəsizlik Şurasının İranla bağlı daha bir qətnamə çıxaracağını düşünmür. Sanksiyaların təsirinin olmayacağını vurğulayan İran prezidenti ölkəsinin nüvə obyektlərinə hücumların mümkünlüyünü də rədd edib.

"Qərbin yeni sanksiyalar tətbiq edəcəyini düşünmürəm, çünki bunun təsiri olmayacaq. Onlar deməli olduqlarını artıq söyləyiblər və tədbirlərini də görüblər. Xüsusən də, hərbi hücum məsələsinə gəlincə, əvvəl də demişəm ki, bu haqda düşünməyə ehtiyac yoxdur", deyə Əhmədinejad bildirib.

Mahmud Əhmədinejad ölkə ərazisində uranın zənginləşdirilməsi üzrə yeni zavodların inşasına başlamaq niyyətlərini də təsdiqləyib. O, eyni zamanda qeyd edib ki, nüvə obyektlərinin inşası üçün hər hansı yeni planlar barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi məlumatlandırmaqla bağlı İranın öhdəliyi yoxdur.
İran lideri Amerika Birləşmiş Ştatlarının yürütdüyü siyasəti də tənqid edib. O, bildirib ki, prezident Barak Obama siyasətində dəyişiklik vəd etsə də, sələfinin düşmənçilik siyasətini yürüdür. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar