İran prezidenti Rusiyaya xəbərdarlıq etdi
24 İyul 2010 Şənbə 13:05
Mahmud Əhmədinejad: "Rusiya ABŞ-ın ssenarisində yer aldı".
İran prezidenti Mahmud Əhmədinejad Rusiya prezidenti Dmitri Medvedevi ABŞ-ın ölkəsi əleyhinə başladığı kampaniyada iştirak etdiyinə görə qınayıb. “İsna” xəbər agentliyinin verdiyi məlumata görə, Əhmədinejad belə deyib: “Düşmənlərimiz İrana qarşı yeni bir təbliğata başladılar. ABŞ tərəfindən yazılan və idarə edilən bu ssenaridə Rusiya prezidenti də rol alıb”.
İran prezidenti əlavə edib ki, İran və Rusiya dost ölkələrdir və onlar bu dostluğun davam etməsinə ümid edirlər: “Rusiya prezidentinin Amerikanın qurduğu oyunda yer alması və yalnız ölkəsinin maraqlarını diqqətdə saxlaması bu ölkənin ciddi bir probleminin olduğuna işarədir”.
Türkiyənin “Cihan” xəbər agentliyinin məlumatına görə, Tehran BMT Təhlükəsizlik Şurasında İrana qarşı qəbul edilən qərara müqavimət göstərir. Xüsusilə də özünə müttəfiq bildiyi Rusiyanın bu qərarın lehinə səs verməsi İranda şok effekti yaradıb. İran prezidenti deyib ki, ABŞ hakimiyyətinin ortaya qoyduğu sənəd İran xalqının iradəsini zəiflətmək məqsədi daşıyır və ölkə içində də bunun reallaşmasına çalışan əllər var.
“Ancaq bütün bu cəhdlər uğursuzluqla bitəcək. İran xalqı yüzlərlə belə qərarların öhdəsindən gəlib. Dünyanın güc mərkəzləri bu işin çox gizli olduğunu düşünür. Ancaq bu ssenarinin bütün detalları bizim əlimizdədir. Zamanı gələndə bunu ictimaiyyətə açıqlayacağıq”, deyə Əhmədinejad bəyan edib.
Qeyd edək ki, İran prezidenti Medvedevə qarşı təhdid dolu ifadələrini ilk dəfə may ayında işlədib. “Tarixi düşmənlər” siyahısına Rusiyanı da qatmamaq üçün Moskvanı xəbərdar edən Əhmədinejad “Dostsunuz, yoxsa başqa haqq-hesabınızmı var?” sualını da vermişdi.
Moskva isə Tehrandan gələn bu bəyanatları “siyasi demaqogiya ilə məşğul olurlar” kimi cavablandırıb. ANSPRES
DOSTLARINLA PAYLAŞ: