İran prezidenti Mahmud Əhmədinejadla bağlı qalmaqallı foto ortaya çıxıb
30 Noyabr 2009 Bazar Ertəsi 14:45
İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın keçmiş fəaliyyəti ilə bağlı qalmaqallı foto ortaya çıxıb.
APA-nın məlumatına görə, foto İngiltərənin “Daily Mail” qəzetində işıq üzü görüb. 1984-cü ildə İranın Londondakı səfirliyinə basqınla bağlı qəzetin arxivində araşdırma aparan əməkdaşlar diplomatik qalmaqala səbəb olacaq fotoşəkil aşkara çıxarıblar. Məsələ bundadır ki, fotoda əks olunan şəxs İranın indiki prezidenti Mahmud Əhmədinejada çox bənzəyir.
Xatırladaq ki, 1984-cü ildə İranın Londondakı səfirliyi İslam rejimi əleyhdarları tərəfindən tutulmuşdu. Sonradan səfirliyi ələ keçirən Xomeyni tərəfdarları oradakı müxaliflərə divan tutmuş, hətta işgəncə yolu ilə İrandakı qohumlarının adlarını ala bilmişdilər.
“Daily Mail”in üzə çıxardığı fotoda əks olunan şəxsin əlində ingiliscə yazılmış “Yaşasın Xomeyni!” şüarı var. Qəzetin yazdığına görə, şəkil çəkilən anda o, səfirliyin eyvanından “Basqınçıların işini bitirdik” deyə qışqırır.
“Daily Mail” iddiasını isbatlamaq üçün 25 il əvvəl çəkilmiş fotonu Mahmud Əhmədinejadın indiki fotosu ilə birgə fotoanalizlə məşğul olan “Omni Perception” adlı quruma göndərib. Polisin də tez-tez müraciət etdiyi “Omni Perception” şəkillərdəki adamın eyni olduğuna dair rəy verib.
Hələlik məsələ ilə bağlı İran rəsmilərindən hər hansı açıqlama gəlməyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: