İran ordusu Şimali İraqa girdi
02 İyun 2010 Çərşənbə 01:05
Şimali İraqda PJAK terror təşkilatına qarşı əməliyyat keçirilir.
PKK-nın İrandakı qanadı olan PJAK (Kürdüstan Azad Həyat Partiyası) terror təşkilatını zərərsizlərdirmək üçün Qəndil dağını və ətraf əraziləri bombalayan İran ordusu sərhədi keçərək İraq ərazisinə daxil olub. İran ordusunun bölmələrinin PJAK-çıların fəal olduğu Hacıümran bölgəsində mövqe tutduğu bildirilir.
İraqın İranla sərhədində yerləşən Veze, Varegurq, Berdunaz, Kodo, Dolseber, Varehec, Çoman və s. ərazilər uzaq mənzilli toplardan atəşə tutulub. Piyada qoşunları isə sərhədi keçərək, Çoman kəndi yaxınlığında baza qurub. Şimali İraq torpaqlarında 5 kilometrə yaxın irəliləyən İran ordusu PJAK terror təşkilatına qarşı əməliyyatları davam etdirir.
İraqın dövlət naziri Cəlal Tələbaninin lideri olduğu Kürdüstan Yurdsevərlər Birliyinin internet saytı “Pukmedia”da İran ordusunun Şimali İraqa girdiyi təsdiqlənib. Saytda yerləşdirilmiş məlumatda deyilir ki, İran əscərləri kortəbii şəkildə atəş açır və kəndlərdəki onlarla ailə evini tərk etməli olub, bombardman nəticəsində əkin sahələrinə ziyan dəyib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: