İran Nabukkoda iştirak edəcək?
09 Dekabr 2010 Cümə Axşamı 17:45
Riçard Morninqstar: "Tehran Qərblə siyasi münasibətləri düzəltsə, bu ölkənin "Nabukko"da iştirakı mümkün olacaq"
Azərbaycan təbii qazının böyük əksəriyyəti Türkiyə ərazisindən keçməklə ixrac olunacaq. Amerikanın Xəzər hövzəsinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar son açıqlamasında bu istiqamətdə bəzi irəliləyişlərin olduğunu bəyan edib. R.Morninqstar Rusiyanın “Kommersant” qazetinə müsahibəsində deyib ki, "BP" ilə Azərbaycan Dövlət Neft Şirkəti “Şahdəniz” qazının əsas hissəsinin Avropa bazarlarına çıxarılması barədə razılıq əldə edib. Konsorsiumun “Şahdəniz” qazının konkert hansı şirkətə və ya ölkəyə satacağını isə yaxın vaxtlarda razılaşdıracağı gözlənilir. “Mavi yanacağ”ın ixracı isə “Nabukko” və ya başqa layihələrlə mümkün ola bilər.

Rusiyanın Azərbaycandan aldığı qazın həcmini artırılmasına gəldikdə isə R.Moninqstar bildirib ki, bu, Azərbaycanın digər layihələrdə iştirakına mane olmayacaq: “Hazırki razılaşma artıq hasil olunan qazın kiçik həcmlərinin alınmasını nəzərdə tutur. “Şahdəniz” konsorsiumunun iştirakçıları isə Qərb istiqamətində qazı nəql etməkdə qərarlıdır”.

“Nabukko” layihəsi digər ölkələrin qazı ilə də doldurula bilər. Belə ki, Avropa üçün daha bir mənbə İraq qazı ola bilər. Xüsusi nümayəndənin fikrincə, əvvəlcə burada siyasi məsələlər həll olunmalıdır. Nəhayət Türkmənistanı da hesaba almamaq olmaz. Amerika bir neçə ildir ki, bu ölkə qazının Avropaya çatdırılmasında əhəmiyyətli rol oynayacaq Transxəzər kəmərini dəstəkləyir.

Rəsmi Vaşinqton hesab edir ki, qaz kəməri Azərbaycanın və Türkmənistanın Xəzərdəki ərazi sularından keçdiyindən, layihə barədə qərarı bu dövlətlər verməlidir. R. Morninqstar onu da bildirib ki, Tehran nüvə proqramı ilə əlaqəli məsələləri həll etsə və Qərblə siyasi münasibətləri düzəltsə, bu ölkənin beynəlxalq enerji layihələrində, o cümlədən “Nabukko”da iştirakı mümkün olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar