İran MAQATE-yə xəbərdarlıq etdi
07 Noyabr 2011 Bazar Ertəsi 14:38
Din xadimi Ayətulla Əhməd Hatəmi İslam ölkəsini ləkələməməyə çağırıb.
İranın paytaxtı Tehranda bayram namazından sonra din xadimi Ayətulla Əhməd Hatəmi Beynəlxalq Atom Enerjisi Agentliyinə xəbərdarlıq edib. Tehran Universitetində qılınan bayram namazından sonra Hatəmi MAQATE-nin rəhbəri Yukiya Amanonu saxta sənədlərlə nüvə proqramına nəzarət vəzifəsini ləkələməməyə çağırıb.
İran Ekspertlər Şurasının üzvü olan Ayətulla Əhməd Hatəmi bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının indiyədək İran haqqında 10 yalançı ssenarisi uğursuzluqla nəticələnib. Hatəmi həmçinin regionda İslami oyanış yaşandığını və diktatorların xalqların iradəsi ilə devrildiyini vurğulayıb: "Bu il ABŞ-ın təcrübəsiz prezidenti Barak Obama üçün uğursuz oldu, çünki onların kor oyuncaqları olan Tunis prezidenti Zeynəl Abidin bin Əli, Misir prezidenti Hüsnü Mübarək və Liviya lideri Müəmmər Qəddafi devrildi".
Hatəmi bildirib ki, ABŞ indi də beynəlxalq təşkilatlardan istifadə edərək, MAQATE-yə təsir göstərməyə və vəziyyəti İrana qarşı çevirməyə çalışır.
DOSTLARINLA PAYLAŞ: