İran kimin havasını oynayır?
15 Avqust 2011 Bazar Ertəsi 22:28
Müşahidələr göstərir ki, Tehran Ankaranı Suriya ilə bağlı tutduğu son mövqedən çəkindirməyə cəhd göstərir
İran parlamentinin üzvü Əlaəddin Burucerdi PKK lideri Murad Karailanın həbsini təkzib edib. Maraqlıdır ki, İranın xüsusi əməliyyat nəticəsində Murad Karailanı həbs etməsi ilə bağlı yayılan xəbərlər Suriya ətrafında baş verən hadisələrin gərginləşməsi və Türkiyənin regionda daha fəal mövqe göstərməsi ilə bir vaxta təsadüf etdi. Müşahidələr onu deməyə əsas verir ki, bölgədə Suriyanın müttəfiqi hesab edilən İran Türkiyəni bu ölkə ilə bağlı tutduğu son mövqedən çəkindirməyə cəhd göstərir. Belə ki, bir qədər əvvəl Suriyaya səfər edən Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Bəşər Əsədə qarşı ölkəsinin kəskin mövqeyini çatdırdı. İran isə Türkiyəni bu siyasətinə görə xəbərdar etdi. Yəni Türkiyə İranı seçim qarşısında qoymasın, əgər belə olarsa, İran Türkiyəni deyil, Suriyanı seçəcək.

Mütəxəssislər hesab edir ki, bu gür təhdidlərdən sonra İranın Karailanı xüsusi əməliyyat nəticəsində həbs etməsi xəbəri də rəsmi Tehran tərəfindən oynanılan siyasi oyunun bir hissədir. Xüsusilə də, İranın bir neçə gün ərzində xəbəri gah təsdiq, gah da təkzib etməsi bundan xəbər verir ki, İran Türkiyəyə bu yolla təzyiq göstərərək hansısa siyasi üstünlük qazanmaq niyyətindədəir.

Politoloq Aydın Mirzəzadənin fikrincə, İran və bir sıra güclər regionda Türkiyəni zəiflətməyə çalışır. “Amma Türkiyəsiz, onun iştirakı olmadan bu prosesləri həll etmək mümkün deyil».

Eyni zamanda İran PKK ilə bağlı səs-küylü xəbər yaymaqla Türkiyəyə onu da göstərmək istəyir ki, regionda terrorla mübarizə aparmaq üçün Türkiyənin İrana ehtiyacı var. Çünki son dövrlər Türkiyənin PKK-ya qarşı həlledici addımlar atması onun qonşusunda qısqanclıq hissi yaradıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar