İran İslamçı Yaxın Şərq arzulayır
03 Fevral 2011 Cümə Axşamı 23:45
Ərəb ölkələrində islamçıların hakimiyəti ələ keçirib-keçirməməsi indi ABŞ-ın atacağı addımlardan çox asılıdır
Ərəb ölkələri, xüsusilə də Misiri sarsıdan, sosial tələblərlə başlayan və xüsusi liderin yoxluğu ilə səciyyələnən milyonların üsyanından hər kəsin öz maraqlarını axtarması bu ölkənin piramidaları kimi qabarıq görünür. Məsələn, İran mətbuatı mütəmadi olaraq ərəb ölkələrində baş verənlərə dini məzmun verməyə cəhd edərək burada dini hakimiyyətlərin yaranacağı barədə məlumatlar yaymaqdadır.
Məsələn, “İslam Times” yazır ki, Misir xalqı İslam idealları və İslam dünyasına xəyanət edən hökumətləri ilə mübarizədədir: “Ey gənclər, barış içində şəhid olana qədər müqavimət göstərin. Mübarək kürsüsünü tərk etmədikcə, meydanları buraxmayın. Bu gün İslamçı Yaxın Şərq formalaşır və bu, İslama, dinə və dini demokratiyaya əsaslanan yeni Yaxın Şərqdir. Tunis, Misir, Yəmən və digər ərəb dövlətlərində baş verən son hadisələr isə 1979-cu il İslam inqilabını təkrarlayır”.
İSNA agentliyi də eyni ruhu davam etdirərək yazır: “ABŞ-ın Misir xalqının kütləvi hərəkatının qarşısını almaq cəhdləri İslam dünyası və misirlilərin qəzəbinə səbəb olacaq”.
Misirdə İslam inqilabının gerçəkləşməsi üçün sosial bazanın zəif olmasına baxmayaraq, hadisələrin belə məcraya yönəldilməsi üçün nümunələrə kifayət qədər rast gəlinir. Nəzərə alsaq ki, Misir ərəb dünyasının ən böyük ölkəsi olmaqla yanaşı, həm də ABŞ və onun müttəfiqi olan İsrailin qonşusudur, Fələstin məsələsində ərəb dövlətlərinin tutduğu prinsipial mövqeni də məhz bu ölkə sarsıdıb, üstəlik Hüsnü Mübarək bu vaxta qədər okeanın o tayında narazılıqla qarşılanacaq hər hansı bir addım atmayıb, onda İranın indi bu qədər canfəşanlıq etməsi də anlaşılır.
Tarixçi Musa Qasımov hesab edir ki, fundamentalist rejimlər qonşuluğunda, eləcə də digər ölkələrdə çalışırlar ki, ətraflarında qərbpərəst ölkələr olmasın və qərb kapitalını gətirməsinlər: "Təbiidir ki, Misirdə baş verənlərdə maraqları olanlar var. Hüsnü Mübarək hakimiyyətdən gedərsə, onun yerinə kim ola bilər? Ənvər Sadətin öldürüldüyü dövrə nəzər salsaq görərik ki, Misirdə müxalifətçi kimi əsasən “Müsəlman qardaşları” çıxış edir. Ənvər Sadət öldürülməsi bununla bağlıdır. “Müsəlman qardaşları” Baradeyin müxalifətin vahid namizədi kimi qəbul etmədirlər”.
İnqilab dalğasının bürüdüyü ərəb ölkələrində islamçıların hakimiyəti ələ keçirib-keçirməməsi ilk növbədə ABŞ-ın atacağı addımlardan xeyli dərəcədə asılıdır. Təsadüfi deyil ki, Cimmi Karterin öz əli ilə İranı islamçılara verərək, tarixi səhvini indi Barak Obmanın təkrarlamaması üçün həyəcan təbili də çalınmaqdadır. Çünki regionda Həmas, Hizbullah kimi qruplaşmalar azmış kimi onların sırasına “Müsəlman qardaşları”nın da əlavə olunması regionda vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər ki, bu da yaxşı heç nə vəd etmir.
Osmanlı dövründəki təsir gücünü yenidən bərpa etməyə iddialı görünən, İsraildən üz döndərib İrana üz tutan Türkiyə də Misir hadisələrinə təxminən elə islamçı qardaşı kimi yanaşır. Və burada Rusiyanın qəti mövqe ifadə etməməsi, üstəlik 40 min rus turistini və 30 min vətəndaşını Misirdən çıxarmaması da maraqlı görünür. Rusiyanın həmişə ikibaşlı siyasət yürütdüyünü nəzərə alsaq, kim qalib gəlsə, onun yanında olacağı anlaşılır. Bununla belə, Rusiya da qəti şəkildə Mübarəkin kürsüsünün yaşılla üzlənməsinə razı deyil.
DOSTLARINLA PAYLAŞ: