İran iki ABŞ vətəndaşına 8 il iş kəsdi
21 Avqust 2011 Bazar 10:07
İran iki ABŞ vətəndaşına 8 il iş kəsdi. Amerikalılar isə onlara qarşı irəli sürülən ittihamları rədd ediblər.
İran məhkəməsi iki il bundan qabaq saxlanılan 2 ABŞ vətəndaşı haqqında 8 il həbs cəzası kəsib. Məlumat İran dövlət telekanalında yayımlanıb. 28 yaşlı Şeyn Baur və həmyaşıdı Coş Fattal 2009-cu ilin sentyabr ayında İran-İraq sərhədində qanunsuz yolla ölkəyə daxil olduqlarına görə saxlanılmışdı. Onlarla birgə digər ABŞ vətəndaşı Sara Şourd da saxlanılsa da, İran hökuməti 500 min ABŞ dolları civarında girov əsasında onu azadlığa buraxaraq öz vətəninə yollamışdı.
İran məhkəməsi hər birinə 3 il qanunsuz yolla ölkəyə daxil olmaya görə və 5 il ABŞ üçün casusluğa görə həbs cəzası qərarı verib. Müttəhimlər məhkəmə qərarı ilə razı olmayıb, onlara qarşı edilən ittihamları qəti şəkildə rədd ediblər. Belə ki, onların dediyinə görə, onlar İraqın şimalı, kürdlərin kompakt yaşadığı ərazilərdə təbiət seyrinə çıxarkən İran sərhədlərini tam təsadüfən keçib.
Qeyd edək ki, saxlanılan ABŞ vətəndaşlarına işi apelasiya məhkəməsində qaldırması üçün 20 gün vaxt verilib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: