İran həbs etdiyi ABŞ vətəndaşını azad edib
14 Sentyabr 2010 Çərşənbə Axşamı 23:10
O bu gün Tehran həbsxanasını tərk edib.
Ötən il İran ərazisində həbs olunan və bu gün 500 min dollar girov müqabilində Tehran həbsxanasından azad edilən ABŞ vətəndaşı Sara Şurd İslam Respublikasını tərk edib. “Associated Press”in Amerika hakimiyyətinə istinadən yaydığı xəbərə görə, onun göyərtəsində olduğu təyyarə məhbusun anasının yaşadığı Oman istiqamətində yola düşüb.
Xatırladaq ki, ABŞ vətəndaşları Şeyn Bauer, Sara Şurd və Coşua Fettel 2009-cu il 31 iyul tarixində İran sərhədçiləri tərəfindən ölkənin qərbindəki Marvin sərhəd-keçid məntəqəsi ərazisində həbs ediliblər. Onların İraq və Suriyaya vizaları olduğu halda, İran vizası olmayıb. İran hakimiyyəti əvvəlcə amerikalıları casusluqda ittiham etsə də, sonradan ölkənin Xarici İşlər Nazirliyi ABŞ vətəndaşlarının sərhədləri qanunsuz olaraq keçməkdə ittiham olunduğunu bəyan edib.
Digər iki məhbusa gəldikdə isə, İranın ədliyyə orqanları onların həbs müddətinin daha iki aylıq uzadıldığı barədə bəyanat yayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: