İran G8 ölkələrinin iclasında iştirak edəcəkmi?
22 İyun 2009 Bazar Ertəsi 15:35
İtaliya XİN rəhbəri bildirib ki, bu gün İran dəvətə cavab verməsə, onda dəvət qəbul olunmamış hesab olunacaq

 

Bu gün İran G8 ölkələrinin xarici işlər nazirlərinin geniştərkibli iclasında iştirak etmək barədə qərar verməlidir. Prezident Mahmud Əhmədinecat rəsmi İtaliyanın dəvətinə cavab verməsə, onda bu dəvət qəbul olunmamış hesab olunacaq. Bu barədə RİA Novosti-nin məlumatına görə, İtaliyanın xarici işlər naziri Franko Frattini bildirib.

Qeyd edək ki, Çin, Braziliya, Pakistan, Əfqanıstan, Meksika, Hindistan, Misir, Türkiyə, Səudiyyə Ərəbistanı nümayəndələrinin iştirak edəcəyi G8 ölkələrinin xarici işlər nazirlərinin geniştərkibli iclası iyunun 25-27–də Triestde baş tutacaq.

Görüşdə müzakirə olunacaq əsas məsələlərdən biri Əfqanıstandakı vəziyyətin nizamlanması olacaq.

Xatırladaq ki, bazar günü İtaliyanın xarici işlər naziri Franko Frattini İran hakimiyyətini zorakılığa son qoymağa çağırıb. O, İtaliya höküməti adından Tehranda insanların ölməsi ilə bağlı narahatlığını bildirib. XİN rəhbəri bildirib ki, İtaliya İranda nümayişlər zamanı yaralananlara beynəlxalq səviyyədə humanitar yardım göstərməyə hazırdır.

Xatırladaq ki, İranda polis və müxalifət arasında toqquşma iyunun 12-də keçirilən prezident seçkilərindən sonra başlayıb. Müxalifət hakimiyyəti seçkilərin nəticələrini saxlataşdırmaqda günahlandırır. /ANS PRESS/

 

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar