İran Əfqanıstanla sərhəddə hərbi təlimlərə başlayıb
08 Yanvar 2012 Bazar 00:17
General Məhəmməd Pakpur: “Məqsəd sərhədyanı zonada təhlükəsizliyi möhkəmlətməkdir”.
İran Əfqanıstanla sərhəddə hərbi təlimlərə başlayıb. ANS PRESS-in RBK agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri İranın “Fars” agentliyi briqada generalı Məhəmməd Pakpura istinadən verib. 2009-cu ilin aprelində İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) quru qoşunlarına komandanlıq edən general bildirib ki, manevrlər Əfqanıstan sərhədinin 60 kilometrliyində keçirilir. Məqsəd sərhədyanı zonada təhlükəsizliyi möhkəmlətməkdir.

Xatırladaq ki, İran tərəfinin Fars körfəzindəki ongünlük təlimləri yanvarın 2-də başa çatıb. Bu təlilər Tehran və Vaşinqton arasındakı gərginliyi daha da artırdı. Ötən il dekabrın 27-də İran nümayəndələri bəyan etdilər ki, əgər Qərb İranın neft sahəsinə sanksiyalar tətbiq etsə, bu ölkənin hərbi dəniz qüvvələri Hörmüz boğazını bağlayacaqlar. Bunun ardınca İran silahlı qüvvələrinin Hörmüz boğazında təlim keçdiyi rayona Amerika qüvvələri - hərbi gəmilərin müşayiəti ilə təyyarə gəmisi daxil oldu.

Hörmüz boğazı ilə Səudiyyə Əərəbistanı, İran, BƏƏ, Küveyt və İraqın neftinin bir hissəsi, o cümlədən, Qətərdən maye qaz nəql edilir. İranın boğazı bağlamaqla bağlı təhdidləri neftin qiymətində sıçrayışa səbəb oldu. Rəsmi Tehran bəyan edib ki, Amerika təyyarə gəmilərinin öz sərhədləri yaxınlığında mövcudluğuna yol verməyəcək.

ABŞ hərbi dəniz qüvvələri isə öz növbəsində piratlar tərəfindən ələ keçirilmiş 13 iranlı dənizçini xilas edib. Əməliyyat Ərəbistan dənizində keçirilib. Tehran dənizçilərin xilas edilməsini alqışlayıb, eyni zamanda bəyan edib ki, bu, ölkələr arasındakı münasibətlərə və siyasətə aidiyyatı olmayan humanitar jestdir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar