İran diplomatı istefa verdi
06 Yanvar 2010 Çərşənbə 16:40
Diplomat Norveç hökumətinin dəstəyinə ümid etdiyini bildirib
İranın Norveçdə fəaliyyət göstərən diplomatı Tehranda nümayiş iştirakçılarına qarşı sərt davranışa etiraz olaraq istefa verib. Bu barədə DPA agentliyi məlumat yayıb.
Məhəmməd Rza Heydəri NRK kanalına müsahibəsində bildirib ki, səfirlikdəki vəzifəsindən istefa verib və Norveç hökumətinin dəstəyinə ümid edir.
“Mənim vicdanım mənə bundan sonra da diplomatik nümayəndə kimi öz işimi davam etdirməyə imkan vermir”, deyə o vurğulayıb.
Qeyd edək ki, Heydəri üç il ərzində İranın Oslodakı diolomatik nümayəndəsi qismində fəaliyyət göstərib. Onun həyat yoldaşı və iki oğlu da Norveç paytaxtında yaşayır.
İran səfirliyinin mətbuat katibi isə baş verənləri şərh etməkdən imtina edib.
Ancaq, MEHR agentliyi adının çəkilməsini istəməyən İran Xarici İşlər Nazirliyinin təmsilçisinə istinadən xəbər verib ki, bu məlumat şayiədən başqa bir şey deyil və psixoloji təzyiq məqsədilə Qərb mətbuatında yayılan xəbərlərdən biridir, belə informaisyalara reaksiya verməyə ehtiyac yoxdur.
“Heydərinin Norveçdə diplomatik missiyasının müddəti bitib. Onu İrana qayıtmasından sonra yerinə başqa şəxs təyin olunacaq,” deyə XİN nümayəndəsi qeyd edib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: