İran Braziliya ilə nüvə əməkdaşlığı arzusundadır
21 Noyabr 2009 Şənbə 06:35
Mahmud Əhmədinejat noyabrın 23-də bu ölkəyə ilk səfərini edəcək
İran prezidenti Mahmud Əhmədinejat Braziliyanın “Qlobu” telekanalına müsahibə verib. O, bu ölkə ilə atom energetikası sahəsində əməkdaşlıq istəyini ifadə edib. Qeyd edək ki, Mahmud Əhmədinejatın Braziliyaya ilk səfəri noyabrın 23-nə planlaşdırılır. İran prezidentinin Braziliyaya səfəri iyunun əvvəllərinə planlaşdırılsa da, başı prezident seçkilərinə hazırlıqlara qarışan Mahmud Əhmədinejat son anda səfəri təxirə salmışdı.
Mahmud Əhmədinejat Braziliya ilə nüvə sahəsində əməkdaşlıq arzusunda olsa da, Braziliya hökuməti hələlik bu ehtimalı şərh etməkdən yayınır.
Xatırladaq ki, İran prezidentinin Braziliyaya gözlənilən səfəri milli və seksual azlıqların etiraz aksiyaları ilə müşayiət olunur. Noyabrın ortalarında yəhudi gənclər hərəkatının yüzlərlə üzvü San-Paulunun işgüzar mərkəzində nümayiş keçirib. Yəhudi gənclər İran liderini irqçilikdə və millətlərarası nifaqı qızışdırmaqda ittiham ediblər. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar