İran Avropa Birliyi ilə ortaq məxrəcə gələ bilmədi
22 Yanvar 2011 Şənbə 18:50
Qərbin təklifi İslam ölkəsini qane etməyib.
Bu gün İstanbulda İranın nüvə proqramına dair BMT Təhlükəsizlik Şurası və quruma üzv olan “Altılıq” ölkələrin görüşü keçirilib. Müzakirələrdən sonra açıqlama verən Avropa Birliyi xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton danışıqlarda müsbət nəticə əldə etmək mümkün olmadığını bildirib.
Ətraflı və konstruktiv danışıqların aparılacağına ümid etdiklərini deyən Avropa Birliyinin ali komissarı Ketrin Eşton İran tərəfinin danışıqlara hazır olmadığını söyləyib: “İranın praqmatik mövqe sərgiləyəcəyini və müsbət bir cavab verəcəyini gözləyirdik. Qapımız hələ də açıqdır və seçim İranın əlindədir”.
Qeyd edək ki, bu gün “altılıq”la keçirilən görüşdə ikitərəfli danışıqların ABŞ-da davam etdirilməsi təklifi ilə İran razılaşmayıb. Danışıqlarda İslam ölkəsini İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Səid Cəlilinin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Məlumata görə, ikitərəfli danışıqların Birləşmiş Ştatlarda davam etdirilməsi təklifi ilə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton çıxış edib.
Qeyd edək ki, görüşdən əvvəl amerikalı diplomatlar danışıqlarda əhəmiyyətli irəliləyişin olacağını proqnozlaşdırmışdılar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: