İran ABŞ ordusuna cəhənnəm vəd edir
21 Noyabr 2010 Bazar 11:20
Polkovnik Hüseyn Razmara: “Biz ABŞ əsgərlərini tabutlarda yola salacağıq”
“İranı hərbi hücumla hədələyənlər bilməlidirlər ki, bizim ABŞ ordusunun bütün əsgərlərini tabutlarla geri yollamaq üçün kifayət qədər hərbi gücümüz var". ANS PRESS-in “Fars” agentliyinə istinadən verdiyi xəbərə görə, bu sözləri dünən İranda həyata keçirilən havadan müdafiə təlimləri zamanı polkovnik Hüseyn Razmara bəyan edib.
Ordu komandiri Basicey isə bildirib ki, “indi heç bir ölkə kütləvi qırğın perspektivi səbəbilə İrana soxulmağa cəhd göstərə bilməz”.
Qeyd edək ki, İranda artıq dörd gündür həyata keçirilən havadan müdafiə təlimləri çərçivəsində "S-300" zenit-raket komplekslərinin analoqu olan zenit-raket kompleksi müvəffəqiyyətlə sınaqdan çıxarılıb. Yeni sistem "S-200" kompleksinin təkmilləşdirilməsi yolu ilə işlənib hazırlanıb. Sistem İslam İnqilabı Mühafizəkarları Korpusu, ordu və Müdafiə Nazirliyinin imkanlarından və təcrübəsindən istifadə edilərək sınaqdan çıxarılıb.
"S-200" zenit sistemləri İran Silahlı Qüvvələrində 1980-ci illərin sonlarından mövcuddur. Zərbə endirmə uzaqlığı və yüksəkliyi baxımından "S-300" sistemləri ilə müqayisədə onlar daha zəif taktiki xüsusiyyətlərə malikdir. Lakin bu ilin fevralında İran Hərbi Hava Qüvvələrinin generalı Heşmətolla Kasiri bəyan edib ki, İranda işlənib hazırlanan yeni zenit-raket kompleksi xüsusiyyətlərinə görə nəinki "S-300" sistemləri ilə müqayisəyə gələcək, hətta onları üstələyəcək.
Bu ərəfədə, müdafiə təlimlərində 3000 kilometr uzaqlıqda hədəfin aşkar edilməsi imkanına malik yeni radarlar da sınaqdan keçirilib.
Qeyd edək ki, noyabrın 16-da başlamış təlimlər İran Hərbi Hava Qüvvələri və havadan müdafiə sistemlərinin qarşılıqlı təsirini təkmilləşdirmək məqsədi daşıyır. Təlimlərdə Natanz və Qum şəhəri yaxınlığındakı nüvə obyektləri, həmçinin Buşer Atom-Elektrik Stansiyasının təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilir.
DOSTLARINLA PAYLAŞ: