İran ABŞ-ın yeni sanksiyalarını psixoloji müharibə adlandırdı
22 Noyabr 2011 Çərşənbə Axşamı 18:34
İran XİN-nin mətbuat katibi Ramin Mehmanpərəst İsrailə də xəbərdarlıq edib.
Rəsmi Tehran Böyük Britaniya və Kanadadan sonra Amerika Birləşmiş Ştatlarının da İranın neft-kimya sənayesi və maliyyə sektoruna qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirilib. İranın xarici işlər nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst birtərəfli sanksiyaları rədd edib və bu tədbirlərin İrana qarşı psixoloji müharibənin bir növü olduğunu deyib. «Bu cür bəyanatlar və tədbirlər təbliğat xarakteri daşıyır və psixoloji müharibənin bir növüdür. Əslində bu ölkələrlə iqtisadi və ticarət əlaqələrimiz onu göstərir ki, bu tədbirlər İran İslam Respublikasının getdiyi yola və onun iqtisadi yanaşmasına heç bir təsir göstərməyəcək.» - deyə, Ramin Mehmanpərəst bildirib.

İranın xarici işlər nazirliyinin mətbuat katibi həmçinin İranın öz nüvə proqramı ilə bağlı beynəlxalq öhdəliklərini yerinə yetirdiyini bəyan edib. Onun sözlərinə görə, İran «nüvə silahının yayılmamasına dair saziş» çərçivəsində bütün öhdəliklərinə riayət edir və bu günədək yüksək səviyyəli təftişlər nəticəsində İranın dinc məqsədli nüvə fəaliyyətində qanun pozuntularına yol verdiyinin heç bir sübutu yoxdur.

Ramin Mehmanpərəst həmçinin İsrailin mümkün hücumunun qarşılığı olacağına dair xəbərdarlıq da edib. «Düşünürəm ki, Sionist rejiminin heç bir rəsmisi xalqımıza qarşı hər hansı bir hücuma cəsarət edə bilməz, onlar belə bir səhv buraxarsa, bunun nə ilə nəticələnəcəyi məlum deyil.» - sitatın sonu.


DOSTLARINLA PAYLAŞ:

oyunlar