İnternetin yaradıcılarından biri öldü
28 Mart 2011 Bazar Ertəsi 22:26
Paketli məlumat ötürülmə texnologiyasının banisi Pol Beren 84 yaşında dünyasını dəyişib
Hazırda Qlobal Şəbəkənin fəaliyyətinin mühüm hissəsini təşkil edən paketli məlumat ötürülmə texnologiyasının banisi Pol Beren 84 yaşında dünyasını dəyişib. Alim ağ ciyər xərçəngi xəstəliyindən vəfat edib.

60-cı illərin əvvəlində “RAND Corporation” şirkətində işləyən zaman P. Beren ilk dəfə paketli məlumat ötürülmə texnologiyasının təməlini qoyub. Onun tərtib etdiyi sxemə əsasən paketlər şəbəkədə müxtəlif kanallar vasitəsilə ötürülməli və son məntəqədə birləşməli idi. Bir qədər sonra P. Beren öz elmi işlərində ehtimal edirdi ki, şəbəkələrin ehtiyat marşrutları olmalıdır ki, hər hansı bir kanal sıradan çıxdıqda informasiya təyinat nöqtəsinə çatsın.

60-cı illərin ortalarında alim icad etdiyi şəbəkənin təşkil olunmasına dair təkliflə ABŞ-ın “AT&T” şirkətinə müraciət edir. Lakin “AT&T” bu cür şəbəkənin işləməyəcəyini bəyan edərək müraciəti rədd edir. P. Berenin icadı zamanı qabaqlayırdı.

1969-cu ildə ABŞ Müdafiə Nazirliyi nəzdində Perspektiv Elmi-Tədqiqat İşləri Agentliyi (1972-ci ilə kimi ARPA, sonra isə DARPA adlandırılırdı) belə qərara gəlir ki, müharibə yarandıqda ölkəyə davamlı məlumat ötürülmə sistemi lazım olacaq və P. Berenin, eləcə də həmin vaxtın digər alimlərinin ideyaları əsasında Arpanet adlı ilk şəbəkəni yaradır.

Məhz sözügedən şəbəkə internetin təməlini qoyur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar