“İnsanlar akulalardan daha yırtıcıdır”
15 Dekabr 2010 Çərşənbə 05:15
İnsanların hər il 100 milyon akula ovlamasının müqabilində köpək balıqları il ərzində heç 100 insana belə hücum etmir
Son günlər Misirin Şarm əl-Şeyx şəhərində bir neçə turistin köpək balıqlarının hücumuna məruz qalması, alman qadın turistin isə bu hücumlar nəticəsində ölməsi bu dəniz yırtıcılarını dünyanın gündəminə gətirib. Statistik məlumatlara görə, 10 il əvvəl (1999-cu il) il ərzində insanlar 58 dəfə, keçən 2010-cu ildə isə 79 dəfə köpək balıqlarının hücumuna məruz qalıb. Bu hücumların isə hamısı ölümlə nəticələnməyib.
Mütəxəssislər il ərzində ovlanan köpək balığı sayı ilə müqayisə olunduğu vaxt onların insanlara etdiyi hücum sayı rəqəmlərinin gözə görünmədiyini bildirir. “Time” jurnalı hər il 100 milyon köpək balığının insanlar tərəfindən ovlandığını yazır. Məlumata görə, bu yırtıcıların bir hissəsi yeyilir, bir hissəsinin şorba üçün üzgəci kəsilir, böyük bir hissəsi isə ənənəvi Uzaq Şərq təbabətində və kosmetika hazırlanmasında istifadə olunur.
Jurnal çox ovlanma səbəbilə artıq dünya sularında köpək balığı sayının 80 faizə qədər azaldığını yazır. Bundan başqa “Time”, Kaliforniyada yolkaların işıqlandırılması vaxtı tok vurması səbəbilə meydana gələn ölüm riskinin köpək balığı tərəfindən öldürülmə riskindən 30 qat çox olduğunu iddia edir.
DOSTLARINLA PAYLAŞ: