İranın Cənubi Azərbaycan bölgəsində baş verən zəlzələ nəticəsində minlərlə kənd yerlə-yeksan olub, iri şəhərlərdə ciddi dağıntılar meydana gəlib.
“OLAYLAR”-a daxil olan məlumata görə, 200.000 nəfər evsizdır və gecələri xiyabanlarda, parklarda, məscidlər və məktəb binalarında keçirirlər. Zəlzələ qurbanlarına yardım məqsədilə Qızıl Ay Cəmiyyətinin fəaliyyətinə İran hakimiyyətinin istənilən şəraiti yaratmadığı bildirilir. Həkim, dərman və digər zəruri ilkin tibbi yardım vəsaitlərinin olmaması vəziyyəti bir qədər də ağırlaşdırır. Sadə insanların yardım cəhdlərinin qarşısı isə polis tərəfindən alınır. Xüsusilə, bu qadağaların güneyli soydaşlarımıza qarşı tətbiq edildiyi xəbər verilir. Milli fəalların şəxsi avtomobillərlə zəlzələ bölgəsinə yardım aparması cəhdinin qarşısının polis tərəfindən alınması qarşıdurmalara səbəb olub. Başqa bir məluamata görə, rəsmi Tehran zəlzələ qurbanları və baş vermiş dağıntılar barədə cəmiyyətə qeyri-obyektiv məlumatlar verir. Bildirilir ki, İran hakimiyyəti zəlzələ zamanı həlak olanların sayının cəmi 360 nəfər təşkil etdiyini bildirsə də, reallıq tamam başqadır. Belə ki, kütləvi informasiya vasitələri yalnız iki kənddə həlak olan insanların sayının 300 nəfər olduğunu yazırlar. Başqa mənbələrdə isə qeyd olunur ki, ən azı 10 kənd yerlə-yeksan olub və həmin kəndlərdə yaşayan bütün insanlar həyatını itirib. Hər kənddə minimum 700 evin olduğunu nəzərə alan media təmsilçiləri insan tələfatının böyük sayda olduğunu iddia edirlər.
Fəlakət zonasına Qum, Urmu, Zəncan və Ərdəbildən yardımlar göndərilib. Eyni zamanda Tehranda yaşayan azərbaycanlılar da yardım kampaniyalarına start veriblər.
Türkiyə, Azərbaycan və bəzi ölkələrdən İrana göndərilən yardımlar isə dövlət tərəfindən gecikdirilir və zamanında insanlara çatdırılmır.