İki metr boyu olan qəribə məxluq heyvanxanaya aparılıb.
Rusiya Federasiyası İnquşetiya Respublikasında sərhədçilər qarı adamını tutublar. ANS PRESS-in Rusiya mətbuatına istinadla verdiyi məlumata görə, iki metr boyu olan qəribə məxluq meşədə aşkar edilib. Bu barədə məlumatı yerli KİV respublikanın əmək və sosial inkişaf naziri Baqaaudin Marşaniyə istinadla yayıb.
"Bir necə gün öncə Çeyrax rayonunda ovçu ayının qoyunu götürərək meşəyə apardığını görüb. Ovçu onun arxasınca gedib və bir necə dəfə atəş açıb. Bundan sonra məxluq iki ayaqüstə qalxaraq, qaçıb və meşədə gizlənib. Bu gün isə sərhədçilər bu yerdə axtarış zamanı kiçik dərədə qəribə məxluq tapıblar", deyə nazir qeyd edib.
Nazirin sözlərinə görə, məxluq heyvanxanaya gətirilib. Marşani qeyd edib ki, tutulan məxluq iki metr boyu, tünd rəngi olan qorillaya bənzəyir. "Ola bilər ki, o çox böyük dişidir. Adi qorilla ön əlləri üzərində dayanır. Bu isə insan kimi, şaquli dayanır. O, naməlum səslər çıxarır".
O, heyvanın çox qorxduğunu və əsasən ətlə qidalandığını qeyd edib.
Marşani bəzilərinin tapılan məxluqun qar adamı, bəziləri nəhəng meymun olduğunu dediklərini vurğulayıb. "Düzünü desəm mən heç vaxt belə bir şey görməmişəm. Bir necə gündən sonra Moskvadan mütəxəssislər gəlməli və qəribə canlını aparmalıdırlar".