İnquşetiya və Çeçenistanın təhlükəsizlik əməkdaşlarının apardığı genişmiqyaslı axtarış əməliyyatları nəticəsində İnquşetiya-Çeçenistan sərhədində 4 silahlı zərərsizləşdirilib.
Rusiyanın NTV kanalının məlumatına görə, ölənlərdən birinin üzərindən tapılan şəxsiyyət vəsiqəsi və digər sənədlərə əsasən onun Qazaxıstan vətəndaşı olduğu müəyyənləşdirilib.
Çeçenistan prezidenti Ramzan Kadırov əməliyyatların davam etdiyini və bu həftə ərzində 18 silahlının zərərsizləşdirildiyini bildirib. Onlara qarşı daha ciddi mübarizə aparacaqlarını söyləyən prezident heş kimin bağışlanılmayacağını bildirib.
Xatırladaq ki, bir həftə əvvəl İnquşetiyanın Sunjensk rayonunda meşə massivində silahlılar 35 milis əməkdaşını pusquya salaraq 9 çeçen milisini öldürüb, 10 nəfəri isə yaralayıblar.
Qeyd edək ki, İnquşetiya ilə yanaşı, Dağıstanda da mühafizə əməkdaşları əməliyyat keçiriblər. İlkin məlumata görə, 5 silahlı öldürülüb. Silahlıların olduğu avtomobil mühasirəyə alınıb və baş verən atışma nəticəsində onları zərərsizləşdirmək mümkün olub. Artıq silahlılardan 3-nün şəxsiyyəti müəyyən edilib. Bunlar Rustam Şaipov, Abubakr Ammaev və Arsen Cumaliyevdir. /ANS PRES/