Rusiya Federasiyası İnquşetiya Respublikasının prezidenti Yunusbek Yevkurov sui-qəsd nəticəsində yaralanıb. APA-nın Rusiya xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər baş verib.
Y. Yevkurov Nazrandakı iqamətgahına gedərkən yol kənarına yerləşdirilmiş bomba partlayıb. Bəzi mənbələr isə bomba yüklənmiş avtomobilin partladıldığını bildirirlər. İlkin informasiyalara əsasən 3 və ya 4 mühafizəçi həlak olub, 5-i yaralanıb. Bəzi mənbələr prezidentin qardaşı Üveysin yaralandığı, digər mənbələr isə öldüyü haqda xəbər yayıblar. Y. Yevkurovun vəziyyəti barədə məlumatlar da ziddiyyətlidir. “RİA Novosti” İnquşetiya hüquq-mühafizə orqanlarındakı mənbəyə əsasən onun vəziyyətinin ağır olduğunu və reanimasiyaya yerləşdirildiyini, “İnterfaks” isə İnquşetiya Daxili işlər Nazirliyindəki mənbələrə əsasən prezidentin yüngül yaralandığını bildirib. Hazırda hadisə yerində istintaq qrupu işləyir.
APA