İndoneziyada güclü zəlzələ baş verib, sunami təhlükəsi var
11 Yanvar 2012 Çərşənbə 00:35
7,3 bal gücündə yeraltı təkanlar Sumatra adasında qeydə alınıb.
Bu gecə İndoneziya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib. ANS PRESS-in RİA “Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə xəbəri ABŞ Geoloji Xidməti (USGS) yayıb. Seysmoloqların məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 01.37-də (Bakı vaxtı ilə 22.37) Sumatra adasında qeydə alınıb. Zəlzələ ocağı cəmi 29,1 kilometr dərinlikdə yerləşib.
“Associated Press” agentliyinin İndoneziya Geoloji Xidmətinin nümayəndəsi Arief Axirə istinadən verdiyi məlumatına görə, ölkə hökuməti sunami təhlükəsi elan edib. “Reuters” agentliyi isə xəbər yayıb ki, meteoroloqlar arxipelaq sahillərində 7 baldan güclü istənilən zəlzələdən sonra sunami yaranması təhlükəsini elan edirlər.
Xatırladaq ki, 2004-cü ildə Sumatra adasının şərq sahillərində müasir tarixin ən güclü və dağıdıcı zəlzələlərindən biri baş verib. 8,9 bal gücündə zəlzələnin təsirindən yaranan dalğa Şri-Lanka, Hindistan, İndoneziya, Tailan və Malayziya sahillərini də əhatə etmişdi. Snuami nəticəsində ölənlərin sayı hələ də dəqiq məlum deyil. Müxtəlif hesablamalara görə, bu rəqəm təxminən 230 min təşkil edir.
DOSTLARINLA PAYLAŞ: