İKT ölkələrinin beyin mərkəzlərinin III forumu Bakıda keçiriləcək
01 Aprel 2011 Cümə 12:44
Tədbirin 1-2 mart 2012-ci il tarixində Bakıda keçirilməsi qərara alınıb
Türkiyənin İstanbul şəhərində 30-31 mart 2011-ci il tarixlərində keçirilmiş “İctimai Diplomatiya” mövzusunda İslam Konfransı Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin II forumunda Azərbaycanın nümayəndə heyəti bir sıra maraqlı təkliflərlə çıxış edib. Forumda Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzini (SAM) təmsil edən aparıcı elmi işçi Cavid Vəliyev İslam Konfransı Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin III forumunun 2012-ci ildə Bakıda keçirilməsini təklif edib və bu məsələ İKT üzv ölkələrin beyin mərkəzlərinin Forumunun Bəyannaməsinin 11-ci maddəsində öz əksini tapıb.
SAM-ın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, maddədə qeyd olunur ki, İslam Konfransı Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin III forumuna Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ev sahibliyi edəcək. Tədbirin 1-2 mart 2012-ci il tarixində Bakıda keçirilməsi qərara alınıb.
Forumda çıxış edən SAM-ın nümayəndəsi Cavid Vəliyev qeyd edib ki, İKT ölkələri sırasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistana dəstək verənlər var. Bu isə beynəlxalq hüquq normalarının və qanunların pozulması deməkdir. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli İKT ölkələri üçün də əsas problemlərdən bir olmalıdır. O, həmçinin üzv ölkələr arasında elmi komissiyanın yaradılmasına da böyük ehtiyac olduğunu vurğulayıb. Eləcə də ayda bir dəfə elmi jurnal nəşr olunmalıdır. Burada İKT-yə üzv ölkələrin problemləri, təklifləri və digər məsələlər barədə informasiyalar öz əksini tapmalıdır.
Tədbirdə ictimai diplomatiya mövzusu da geniş müzakirə edilib. Qeyd edilib ki, forum iştirakçıları müvafiq elmi işləri dəstəkləməklə, ictimai təşkilat və qurumlarla birlikdə vətəndaş cəmiyyəti təşkilatlarının bu istiqamətdə ortaq layihələr həyata keçirə bilmələri üçün zəmin yaradacaq.
DOSTLARINLA PAYLAŞ: