İki gün gedən ağır döyüşdə 26 talib qətlə yetirilib
25 İyul 2010 Bazar 17:10
Döyüş Əfqanıstanın Barqe Matal bölgəsində baş verib.
Əfqanıstanın Nuristan əyalətinin Barqe Matal bölgəsində 2 gün davam edən ağır döyüş nəticəsində Əfqanıstan polisinin təhlükəsizlik qüvvələri və NATO aviasiyası “Taliban” hərəkatının 26 silahlısını məhv edib. Bu barədə əyalətin qubernatorunun mətbuat xidməti məlumat verib.
Taliblərin nümayəndəsi Zabiulla Mucahid isə bildirib ki, Pakistanla sərhəddə yerləşən Barqe Matalda gedən hərbi əməliyyatda 8 əfqan polisi öldürülüb, 15-i əsir götürülüb. O cümlədən, iki Amerika vətəndaşı taliblər tərəfindən oğurlanıb. Artıq onlardan birinin meyiti tapılıb, digərinin isə axtarışı davam etdirilir.
Əfqan rəsmiləri digər amerikalının axtarışı üçün yerli əhalini köməyə çağırıb. Və hər hansı bir informasiya üçün 20 min dollar mükafat vəd edilib.
Qeyd edək ki, Pakistanla sərhəddə yerləşən Barqe Matal ərazisinə əlavə qoşun göndərilməsi xahişi ilə Nuristan əyalətinin qubernatoru Əfqanıstanın güc strukturlarına yerli televiziya ilə 2 gün əvvəl müraciət edib.
Xatırladaq ki, bir ay ərzində taliblərlə mübarizədə beynəlxalq hərbi qüvvələrin 75 hərbçisi öldürülüb ki, onlardan 56-sı Amerika əsgəridir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: