İğtişaşlar Tunisə 1,6 milyard dollar ziyan vurub
18 Yanvar 2011 Çərşənbə Axşamı 02:05
Ölkə iqtisadiyyatına dəyən ziyan ÜDM-in 4 faizi həcmindədir.
Tunisdə prezident Zin əl Abidin bin Əlinin devrilməsi və 70 nəfərin ölümü ilə nəticələnən kütləvi iğtişaşlar ölkə iqtisadiyyatına 3 milyard dinar (1,6 milyard avro) həcmində ciyan vurub. Bu barədə məlumatı “Frans Press” agentliyi Tunisin yeni hökumətinin daxili işlər naziri Əhməd Friaaya istinadən yayıb. DİN rəhbəri bildirib ki, bu ziyanın iki milyard dinarı daxili iqtisadi fəaliyyətin iflic olması, bir milyard dinarı isə ixrac əməliyyatlarının tamamilə dayanması ilə bağlıdır.

Beynəlxalq Valyuta Fondunun statistik məlumatına görə, 2010-cu ildə Tunisdə ÜDM həcmi 39,6 milyard avro olub. Beləliklə, son hadisələr ərzində ölkəyə ÜDM-in təxminən 4 faizi həcmində ziyan dəyib.

Sosial şərait, korrupsiya və işsizliyin tüğyan etməsindən etiraz dalğası ölkəni təxminən bir ay əvvəl bürüyüb. Kütləvi iğtişaşlar və nümayişçilərin polislə toqquşmaları nəticəsində 70-dən çox adam ölüb, yüzlərlə xəsarət alan var. Kütləvi iğtişaşlardan sonra Tunis prezidenti Zin əl Abidin bin Əli yanvarın 14-də ölkəni tərk edib. Onun səlahiyyətləri əvvəlcə baş nazirə, sonra isə parlamentin pikerinə keçib. Ötən gün ölkədə milli barışıq hökumətinin tərkibi elan edilib. Hökumət Tunisdə qayda-qanunun bərpasına və islahatların aparılmasına başlamağa söz verib. Konstitusiya Şurası 60 gün ərzində ölkədə növbətənkənar prezident seçkilərinin keçiriləcəyini elan edib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar