«Təəssüflər olsun ki, bəzi şəxslər İrandakı demokratik şəraitdən istifadə edərək burada iğtişaşlar törədir. Bəzi xarici qüvvələr beynəlxalq normalara məhəl qoymayaraq İranın daxili işlərinə qarışır». Bunu İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami ANS-ə müsahibəsində bildirib. Səfir qeyd edib ki, bəzi şəxslər internet və televiziyadan istifadə edərək xalqı iğtişaşlara təhrik edir.
«Biz onların cavablarını layiqli şəkildə verəcəyik. Bəzi adamlar deyir ki, bu iğtişaşlarda müxalifətin əli var. Lakin bu, belə deyil. Onların tərəfdarları bu iğtişaşları törədənləri yürüşlər vasitəsilə pisləyib. Üç gün bundan əvvəl xalq yürüşlərə çıxaraq sabitliyi pozanların cavabını verdi. Xaricdən istiqamətləndirilən bu iğtişaşların qarşısını xalq özü aldı. İğtişaşı törədənlər qanun qarşısında cavab verəcək. Namizədlərin apelyasiya şikayətlərinə gəldikdə isə, Keşikçilər Şurası onları şənbə günü müzakirəyə dəvət edib»,- deyə səfir vurğulayıb.
İranlı diplomat 12 iyun seçkilərində heç bir qanun pozuntusu olmadığını bildirib. O, iğtişaşların törədilməsinə baxmayaraq seçkilərin nəticələrində heç bir dəyişikliyin olmayacağını əlavə edib: «İranda hakimiyyət elə qurulub ki, prinsipiallar hakimiyyətdə olan zaman islahatçılar, islahatçılar olduğu dövrdə isə prinsipiallar hakimiyyətdə yer alır. Bu seçkilərdə Musəvi ölkənin iki vilayətində və Tehranda daha çox səs toplayıb. Lakin ölkənin digər bölgələrində Mahmud Əhmədinejadın 10 milyondan artıq səs toplaması onun qələbəsinə gətirib çıxartdı. Mahmud Əhmədinejad super güclərin müqavimətinə güc gələrək bəzi məsələlərdə daxili sabitliyi pozmağa yönələn addımları dəf etdi».
Məhəmməd Bağır Bəhrami prezident seçkisində dünya mətbuatının 4 mindən artıq nümayəndəsinin iştirak etdiyini bildirib. İranın Azərbaycandakı səfiri Mahmud Əhmədinejadı təbrik edən Azərbaycan prezidenti İlham Əliyevə də öz minnətdarlığını bildirib. /ANS TV/