Hüsnü Mübarəkin oxşarını öldürmək istədilər
10 İyul 2012 Çərşənbə Axşamı 01:27
Qəzəbli kütlə keçmiş prezidentin azadlığa çıxdığını güman edib və onun cəzasını vermək qərarına gəlib.
Yəmən vətəndaşı Məhəmməd Abdulla Şumarinin Misirə səfəri az qala faciə ilə bitəcəkmiş. O, Qahirəyə qohumlarını görməyə gedib, amma qəzəbli kütlənin qurbanına çevrilməkdən zorla xilas olub.

ANS PRESS-in RBK agentliyinə istinadən verdiyi məlumata görə, qohumlarının evində əylənən Məhəmməd Abdulla Şumari Qahirəni gəzmək qərarına gəlib. Küçəyə çıxan kimi onu yerli yeniyetmələr dövrəyə alıblar və söyməyə başlayıblar. Az sonra yeniyetmələrə böyüklər də qoşulublar və onu öldürməklə hədələyiblər.

Məhəmməd Abdulla Şumari Misirin keçmiş prezidenti Hüsnü Mübarəkə çox bənzəyir. Baxmayaraq ki, onun 61, Hüsnü Mübarəkin isə 80 yaşı var. Onların nəinki sifət cizgiləri, hətta, almacıq sümükləri və acıqlı baxışları çox oxşardır. Qahirə sakinləri də yəmənlini məhz Hüsnü Mubarəkə bənzətdiklərindən öldürmək istəyiblər. Onlar fikirləşiblər ki, yəqin Hüsnü Mübarək həbsdən buraxılıb və indi də heç nə olmamış kimi Qahirənin küçələrini gəzir.

Məhəmməd Abdulla Şumari kütləyə birtəhər izah edə bilib ki, o, Yəməndən gəlib, qonaqdır. Buna baxmayaraq, ona heç kim inanmayıb. Bəxtsiz turistin köməyinə polis əməkdaşları gəliblər və onu qəzəbli kütlənin əlindən sağ-salamat qurtarıblar.

Qonağın sənədlərini yoxlayan asayiş keşişçiləri qahirəliləri inandırıblar ki, onun Hüsnü Mübarəkə heç bir aidiyyatı yoxdur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar