Hüsnü Mübarəkin məhkəmə prosesi bu gün başlayır
03 Avqust 2011 Çərşənbə 06:36
Mübarək hökumət əleyhinə kütləvi etiraz aksiyaları iştirakçılarının öldürülməsinə göstəriş verməkdə ittiham olunacaq
Bu gün Qahirədə Misirin sabiq prezidenti Hüsnü Mübarəkin işi üzrə məhkəmə prosesinə start veriləcək. 30 ilə yaxın bu ölkəyə rəhbərlik etmiş Mübarək bu ilin əvvəlində hökumət əleyhinə kütləvi etiraz aksiyaları iştirakçılarının öldürülməsinə göstəriş verməkdə ittiham edilir. Hökumət komissiyasının məlumata görə, Misirdə 3 həftəlik iğtişaşlar zamanı 850-dən çox insan həlak olub, 6.5 mindən çox insan isə xəsarət alıb. Bundan başqa, sabiq ölkə başçısına qarşı həmçinin dövlət səlahiyyətlərindən sui-istifadə, rüşvətxorluq və dövlət hesablarının mənimsənilməsi ittihamları da irəli sürülüb.
Mübarəkdən başqa, müttəhimlər kürsüsündə onun oğulları Alyə və Camal, sabiq daxili işlər naziri Həbib əl-Ədli və eləcə də 6 yüksək çinli polis məmuru əyləşəcək. Qeyd edək ki, Mübarəkin məhkəmədə iştirak edib-etməyəci son ana qədər qaranlıq olaraq qalırdı. Prokurorluq məhkəmənin Qahirədə keçirilməsini istəyirdi. Ölkəyə rəhbərlik edən Misir Silahlı Qüvvələri Ali Şurasının rəhbərliyi xalqın tələbinə qulaq asaraq Mübarəkin məhkəmə zalında iştirakına vəd verib. Lakin sabiq ölkə başçısı yalnız bu günki prosesdə iştirak edəcək, növbəti iclaslar isə onun iştirakı olmadan aparılacaq.
Belə ki, bu günkü dinləmələrdən sonra o, ya müalicə aldığı Şarm-əş-Şeyxdəki xəstəxanaya, ya da ki paytaxtdakı xəstəxanalardan birinə yerləşdiriləcək. Məhkəmə prosesi Qahirədə Polis akademiyasında keçiriləcək. Bəzi kütləvi informasiya vasitələrinin məlumatına görə, Hüsnü Mübarək fiziki cəhətdən nə ayaq üstə dura, nə də ki barmaqlıqlar arxasında otura bilməyəcəyindən o, məhkəmə dinləmələrinə barmaqlıqlar arxasında onun üçün yerləşdirilmiş yataqda uzanaraq izləyəcək. Məhkəmə iclasının gedişi zamanı təhlükəsizliyi təmin etmək üçün 8 min hərbçi və güc strukturlarının əməkdaşları və eləcə də 16 tank və 36 zirehli texnikadan istifədə ediləcək.
DOSTLARINLA PAYLAŞ: