Hüsnü Mübarək də əmlakını xalqa bağışladı
07 İyun 2011 Çərşənbə Axşamı 01:27
Keçmiş Misir lideri bu yolla cinayət məsuliyyətindən sığortalanmaq istəyir
Misirin keçmiş prezidenti Hüsnü Mübarək həyat yoldaşı Süzan Mübarəkin ardınca əmlakından dövlətin xeyirinə imtina edib. Məlumatı “Əl Əhram” internet portalı yayıb. Məlumata görə, müvafiq sənədləri notarius hazırlayıb və qeydə alıb. Sənədlər Ədliyyə Nazirliyi yanında iqtisadi cinayətlər üzrə Komitəyə təqdim olunmalıdır.
Ekspertlərin fikrincə, Hüsnü Mübarək inanır ki, əmlakından imtina etmiş həyat yoldaşı kimi o da həbsdən azad ediləcək. Amma Hüsnü Mübarəkə qarşı qanunsuz varlanma ilə yanaşı bu ilin yanvar-fevral aylarında dinc nümayişçilərin güllələnməsi və ölkənin təhlükəsizlik sisteminin dağıdılması ilə bağlı ittihamlar da irəli sürülüb.
Xatırladaq ki, Misirin keçmiş birinci zanımı Süzan Mübarək əmlakından imtina ilə bağlı sənədləri imzalayıb. Beləliklə, Qahirə yaxınlığındakı villa və bank hesabındakı 20 milyon Misin funtu (təxminən 3,3 milyon dollar) Misir dövlətinin nəzarətinə keçib. Bundan sonra ona qarşı irəli sürülmüş ittihamlar ləğv edilib.
DOSTLARINLA PAYLAŞ: