Hüsni Mübarəkə ömürlük həbs cəzası verildi
02 İyun 2012 Şənbə 13:45
Misirin keçmiş prezidentinə edam cəzasının verilməməsi etirazlara səbəb olub
Misiri 32 il idarə etmiş Hüsni Mübarəkə hökm oxundu. Ölkənin keçmiş prezidentinə ömürlük həbs cəzası verilib. Qərar misirlilərin etirazına səbəb olub. Məhkəmə zalının çıxışında qarşıdurma yaranıb. İttihamçı tərəf Hüsni Mübarəkə ölüm hökmünün verilməsini tələb edirdi, lakin mütəxəssislər araşdırmanın çoxsaylı qanun pozuntuları ilə aparıldığını iddia edərək, bu qərarın çıxarılacağı ehtimalının az olduğunu hesab edirdilər.
Hüsni Mübarək ötən il onun istefasına gətirib çıxaran kütləvi nümayişlərin iştirakçılarına atəş açmaq əmri verməkdə ittiham olunurdu. Xatırladaq ki, ötən ilin fevralında Qahirədə toqquşmalarda 800-dən çox adam ölmüş, minlərlə insan xəsarət almışdı. Ölən nümayişçilərin yaxınları da məhkəmə qarşısına toplaşaraq, Mübarəkə ölüm hökmünün verilməsini tələb edirdilər. Hökmün oxunduğu məhkəmənin ətrafında təhlükəsizliyi təmin etmək üçün minlərlə polis və əsgər cəlb edilib. Məhkəmə iclası televiziya ilə canlı yayımlanıb.
Mübarəkdən başqa, eyni iş üzrə Misirin keçmiş daxili işlər naziri Həbib Ədli və daha bir neçə keçmiş dövlət məmuruna, Hüsni Mübarəkin oğulları Alaa və Qamala isə korrupsiya ittihamı ilə əlaqədar hökm oxunacaq.
DOSTLARINLA PAYLAŞ: