Hüsni Mübarək xərəkdə məhkəmə zalına gətirilib
28 Dekabr 2011 Çərşənbə 13:35
Hüsni Mübarək xərəkdə məhkəmə zalına gətirilib. Misirin sabiq prezidentinin tərəfdarları məhkəmə binasının önünə toplaşıb.
Qahirədə iki aydan çox davam edən fasilədən sonra Misirin devrilmiş prezidenti Hüsni Mübarəkin məhkəməsi yenidən başlayıb. Hüsni Mübarək xərəkdə məhkəmə zalına gətirilib. Məhkəmə iclasının keçirildiyi polis akademiyasının qarşısında təhlükəsizliyin mühafizəsinə 5 mindən çox polis əməkdaşı cəlb olunub. Hüsni Mübarək tərəfdarları isə binanın qarşısına toplaşıb.
83 yaşlı Hüsni Mübarək fevralda anti-hökumət nümayişlərində kütləvi iğtişaşlar zamanı 850 nəfərin ölümündə günahkar bilinəcəyi halda ölüm hökmü təhlükəsi qarşısındadır. Keçmiş prezidenti dəstəkləyən vəkillər isə onun ittihamlardan təmiz çıxacağına ümid edirlər. 4 küveytli vəkilin də daxil olduğu müdəfiə komitəsinə başçılıq edən Yussri Abdel Razek bildirib ki, Hüsni Mübarəkin günahsız olduğunu sübut edən yeni sənədlər əldə edib.
Xatırladaq ki, Hüsni Mübarəkin ilk məhkəməsi avqustun 3-də başlayıb. Sentyabrda keçirilən sonuncu dinləmənin isə mediada işıqlandırılması qadağan edilmişdi. Kütləvi iğtişaş qurbanlarının vəkillərinin dinləmələrə sədrlik edən hakim Əhməd Refaatın dəyişdirilməsi xahişi ilə əlaqədar dinləmələr təxirə salınmışdı. Dekabrın 7-də isə həmin xahiş rədd edilib.
DOSTLARINLA PAYLAŞ: