Hindistanın şimal-şərqində iki güclü partlayış törədilib. Verilən məlumata görə, partlayışlar nəticəsində 7 nəfər ölüb, 60 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. İlk partlayış motosikletə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. İnsident ölkənin Qauati şəhərində, əhalinin sıx olduğu bazarda qeydə alınıb. İkinci partlayış isə Dekiaculi şəhərində velosipedə quraşdırılmış bombanın işə düşməsi ilə törədilib. Polis hadisəni Asom Birləşmiş Azadlıq Cəbhəsi separatçı təşkilatının törədə biləcəyini bildirib. Regionda ən böyük silahlı qruplaşmalardan biri hesab edilən bu təşkilat düz 30 ildir ki, etnik assamlara müstəqillik verilməsi uğrunda mübarizə aparır. Son on il ərzində Assam ştatında baş verən zorakılıq hadisələri nəticəsində 10 minə yaxın insan ölüb. /ANS TV/