Bu gündən Hindistanda parlament seçkisi start götürüb. 700 milyon ölkə vətəndaşı bir ay ərzində səs verəcək. Seçici sayının həddən artıq çox olduğuna görə, Hindistanda parlament seçkisi 5 mərhələdə həyata keçiriləcək. 543 deputat kürsüsü uğrunda ölkənin əsasən 2 böyük partiyası- əsasını Hindistan Milli Konqresi təşkil edən «Birləşmiş inkişaf alyansı» və Milli Demokratiklar mübarizə aparır. Sonuncu partiyanın lideri martın 30-da xalqlar və dinlər arası gərginlik yaratmaqda günahlandırılaraq həbs edilən ölkənin keçmiş baş naziri İndra Qandinin nəvəsi Varun Qandidir.
Parlamentdə həmçinin «üçüncü cəbhə» adlandırılan bəzi dini və regional partiyalar da iştirak edirlər. Bununla belə, sözügedən partiyaların ölkədə nüfuzunun əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, müşahidəçilər ölkəni idarə etmək təcrübəsinin olmayan bu qrumların lazımi dəstəyi qazana biləcəyinə inanmırlar.
Qeyd edək ki, Hindistanda parlament seçkisinin ilk turu bu gün, növbəti turu isə aprelin 23-də baş tutacaq. Daha sonra isə müvafiq olaraq aprelin 30-u, mayın 7-i və mayın 13-də parlament seçkisinin növbəti turları keçiriləcək. 5 mərhələli parlament seçkisinin nəticəsinin isə mayın 16-da elan edilməsi gözlənilir.
Qeyd edək ki, Hindistanda 714 milyon vətəndaşın səsvermə hüququ var. İlk turda artıq 143 milyon hindistanlı səsini vermək üçün seçki məntəqələrinə gəlib. Səsvermənin insidentsiz baş tutması və vətəndaşların təhlükəsizliyi üçün ölkə rəhbərliyi 2 milyon polisi səfərbər edib. /ANS TV/