Hindistanda Mumbay hadisələri ilə bağlı araşdırmalar davam edir
02 İyun 2009 Çərşənbə Axşamı 19:20
Axtarışda olan terrorçulardan biri Hafiz Məhəmməd Saed isə Pakistanda azadlığa buraxılıb

 

Ötən il Hindistanın Mumbay şəhərində həyata keçirilmiş qanlı aksiyaların təşkilində ittiham olunan "Camaat-Ud-Dava" qruplaşmasının rəhbəri Hafiz Məhəmməd Saed Pakistanda azadlığa buraxılıb. Qeyd edək ki, sözügedən təşkilat Hindistanda onlarla terror aktı törətmiş Laşkar-Etayba islamçı qruplaşmasının qanuni fəaliyyət göstərən qanadıdır.

Ötən ilin noyabrında iki gün çəkən Mumbay hadisələrində 180-dan artıq adam həlak olmuş, 300 adam yaralanmışdı. "Camaat-Ud-Dava" özünü humanitar təşkilat kimi təqdim etsə də, Hindistan, ABŞ və bir sıra digər dövlətlər onu islamçı qruplaşması olan Laşkar-E-Taybanın bir qanadı hesab edir.

Qeyd edək ki, Hafiz Məhəmməd Saed bu qruplaşmanın yaradıcılarından biridir. Bu gün Lahor məhkəməsi Hafiz Məhəmməd Saedin həbsdə saxlanmasının əsassız olması barədə qərar çıxarıb.
Xatırladaq ki, Hafiz Məhəmməd Saed Hindistanın barəsində axtarış elan etdiyi terrorçulardandır.

Bu gün Camaat-Ud-Dava təşkilatının rəhbəri həbsdən azad olunduqdan sonra Hindistanın daxili işlər naziri Palaniappam Çidambaram bəyan edib ki, üzərinə götürdüyü öhdəliklərə baxmayaraq, İslamabad indiyə qədər Mumbay hadisələrinin təhqiqatı ilə ciddi məşğul olmayıb. O, Lahor məhkəməsinin çıxardığı qərarın Hindistan xüsusi xidmət orqanlarının apardığı təhqiqatın gedişinə təsir etməyəcəyini bildirib.

Xatırladaq ki, aprel ayında Mumbay hadisələrində yeganə sağ qalmış terrorçunun məhkəməsi başlanıb. Acmal Əmir Qəssaba qarşı Hindistan cinayət məcəlləsinin 12 maddəsi üzrə ittiham irəli sürülüb. O, Hindistanda qətllər törətmək və silahlı hücumda təqsirli bilinir. Bu cinayətlərə görə, Acmal Əmir Qəssabı ölüm hökmü gözləyir. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar