Hillari Klinton ermənilərlə görüşəcək
09 Yanvar 2010 Şənbə 17:05
ABŞ dövlət katibi Hillari Klinton erməni diaspor nümayəndələri ilə görüşə razılıq verib.
ABŞ dövlət katibi Hillari Klinton fevral ayında Amerikada fəaliyyət göstərən erməni təşkilatlarının nümayəndələri ilə görüşəcək. Bu barədə Amerika Erməni Assambleyası məlumat yayıb. Xəbərdə bildirilir ki, görüşdə Türkiyə-Ermənistan münasibətləri ilə bağlı müzakirələr aparılacaq. Erməni Assambleyası nümayəndələri Klintona Türkiyə-Ermənistan protokollarını ilə bağlı görüşmək üçün müraciət etmişdilər.
Assambleyanın direktoru Brayan Arduni bildirib ki, Türkiyə tərəfindən "erməni soyqırımı"nın danılması fonunda, ABŞ-dakı erməni təşkilatları Vaşinqtonun "erməni soyqırımı"nın tanınması və ABŞ konqresində müvafiq qətnamənin qəbul edilməsi üçün səylərini iki dəfə artırmalıdır. Onun sözlərinə görə, Ermənistan prezidenti çox vacib addımlar atıb, ancaq Ankara münasibətlərin normallaşmasına mane olmaqda davam edir. "Dövlət katibi ilə görüş Amerika administrasiyasının Türkiyəyə təzyiqlərini müzakirə etmək üçün ciddi imkandır”,-deyə Arduni qeyd edib.
Dövlət katibi ilə görüşə Erməni Assambleyası, Ümumerməni Xeyriyyə İttifaqı (AGBU), ABŞ Erməni Apostol Kilsəsinin Şərqi və Qərbi Yeparxiyası, “Vardan cəngavərləri” təşkilatı və Amerika Erməni Milli Komitəsi (ANCA) dəvət olunub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: