Həmsədr ölkələr narazılıq edir
03 Fevral 2011 Cümə Axşamı 22:55
Onlar hesab edir ki, AŞPA-nın Qarabağla bağlı Alt Komitəsinin bərpası danışıqlara mənfi təsir göstərəcək
ATƏT-in Minsk qrupunun həmsədr ölkələri AŞPA-da Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar yaradılmış Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi ilə bağlı narazılıqlarını bildirib. ANS PRESS-in “Regnum”a istinadən verdiyi xəbərə görə, bu haqda Avropa Şurasında olan diplomatik mənbələr bildirib. Həmsədr ölkələr hesab edir ki, bu fakt danışıqlar prosesinə mənfi təsir göstərəcək və bu qərarın məsulliyyəti AŞPA Siyasi Bürosunun üzərinə düşəcək.

Həmsədr ölkələr Qarabağ münaqişəsinin həll edilməsi üçün danışıqların xarakter, formatına hörmət və etimadla yanaşmağa çağırıb. Fransa və Rusiya təmsilçiləri qeyd edib ki, danışıqlar prosesinin detalları haqda məlumatsız olan siyasi xadimlərin bu məsələni müzakirə etməsi prosesə yardım etməyəcək.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Siyasi Büronun yanvarın 27-də keçirilən iclasında Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin yenidən bərpa edilməsi haqqında qərar qəbul edilib və İspaniyadan olan deputat, Liberallar Partiyasının üzvü Jordi Xucla i Costa komitənin yeni sədri seçilib.

Ermənistan Alt Komitənin fəaliyyətinin bərpasının əleyhinə səs verib.



DOSTLARINLA PAYLAŞ:

oyunlar