HƏMAS və FƏTH arasındakı gərginlik artır
06 İyun 2009 Şənbə 20:30
HƏMAS Qəzza zolağında FƏTH üzvlərinə qarşı həbslərə başlayıb

 

Qəzzada HƏMAS və FƏTH qruplaşmaları arasında münasibətlər gərginləşməkdədir. ANS PRESS-in «CNNTürk»ə istinadən verdiyi xəbərə görə, Qərbi Şəriyədə Fələstin rəhbərliyinə bağlı təhlükəsizlik orqanlarının HƏMAS-ın dini xadimlərinə qarşı həbslər və Qalxılada həftə ərzində iki dəfə baş verən qarşıdurmadan sonra HƏMAS da Qəzza zolağında FƏTH üzvlərinə qarşı həbs əməliyyatına başlayıb.

Dünən gecə HƏMAS-ın nəzarətində olan polis qüvvələri bəzi FƏTH üzvlərinin evlərinə basqın edib. Əməliyyat nəticəsində Qəzzadakı FƏTH liderlərindən olan Sami Nasmanın əmisi öldürülüb.

Qəzzadakı HƏMAS səlahiyyətliləri əməliyyatlarla bağlı məlumat verməyib. HƏMAS Qəzza zolağında rəhbərliyi ələ keçirdikdən sonra ilk dəfə dünən gecə Qəzzanın mərkəzindəki yollarda HƏMAS-lı polislərin barrikadalar qurduğu bildirilir.

Qəzza zolağında HƏMAS və FƏTH arasındakı münasibətlər gərginləşdiyi bir vaxtda FƏTH nümayəndəsi Fəhmi əl-Zarir həbsləri təsdiqləyib. Əl-Zarir neçə adamın həbs olunduğunu bilmədiklərini deyib və həbs olunanların fərqli bölgələrə aparıldıqlarını bildirib.

Fəhmi əl-Zarir HƏMAS-ın bölgədə FƏTH-ı zəiflətməyə çalışdığını və qanunsuz işlər gördüyünü vurğulayıb. O, HƏMAS-ın Sami Nasmanın əmisinin ölümünə görə məsuliyyət daşıdığını  bildirib.

Sami Nasman HƏMAS-ın 2007-ci ilin ortalarındakı zərbəsindən sonra Qərbi Şəriyəyə getmişdi. HƏMAS-lı polislərin səhərə yaxın FƏTH-ın silahlı qanadı «Əl Axsa Şəhidləri Brigadası»nın sahə komandirlərindən və daha əvvəl Abbasa bağlı olaraq çalışan bir zabiti də həbs etdiyi bildirilir.

Qərbi Şəriyənin Qalxıla şəhərində keçən həftə baş verən qarşıdurmalarda 9 adam ölüb. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar