“HƏMAS” liderinin oğlu İsrail casusu çıxdı
24 Fevral 2010 Çərşənbə 20:05
Dinini dəyişən “Yaşıl Prins” yeni kitabında casus olmasını etiraf edib
İsrailin “Haaretz” qəzeti İsrail Daxili Kəşfiyyat Xidməti olan “Shin Beth”in agentlərindən birinin etiraflarını yayımlayıb. Etiraflar isə “HƏMAS” təşkilatının qurucularından birinin oğluna aiddir.
Şeyx Həsən Yusifin oğlu olan Musab Həsən Yusifin öz ifadələrinə görə, o, “Shin Beth”in məlumat mənbələrindən biri olub. 20 yaşından etibarən İsrail tərəfinə xəbər ötürən Musabın məlumatları əsasında aralarında “Əl Fəth” qruplaşmasının üzvü Mervan Barqutinin də olduğu bir çox Fələstin döyüşçüsü ələ keçirilib.
“HƏMAS” liderlərindən olan İbrahim Həmid və təşkilatın istifadə etdiyi partlayıcıları hazırlayan Abdulla Barqutinin də yaxalanması Musabın “Shin Beth”ə verdiyi məlumatlar əsasında mümkün olub.
Musabın bu etirafları ilk dəfə “Haaretz” nəşrində yayılıb. İsrailin Daxili Kəşfiyyat Xidməti olan “Shin Beth” rəsmiləri isə bu etiraf barədə heç bir açıqlama verməyib.
32 yaşında olan və “Yaşıl Prins” kimi tanınan Musab 10 il öncə xristianlığı qəbul edib. İndi Kaliforniyada yaşayan Musabın dinini dəyişməsi isə onun 2008-ci ildə verdiyi bir müsahibəsində məlum olub. Hazırda isə onun Ameriakda avtobioqrafik kitabı hazırlanıb. Yaxın zamanlarda kitabın işıq üzü görməsi ilə Musab Həsən Yusifin həyatı ilə bağlı digər məqamlar da ortaya çıxacaq. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: