Həmas İsrailə xəbərdarlıq edib
10 Aprel 2011 Bazar 13:09
Son dörd gündə İsrail qüvvələrinin aviazərbələri nəticəsində 20-dək fələstinli ölüb.
Qəzza zolağına hücumlar dayandırılana kimi İsrail ərazisinə raket atəşləri davam etdiriləcək. Həmas fələstin qruplaşması bunu bəyan edib. Həmasın lideri Mahmud əl-Zəhar bildirib ki, fələstin xalqı heç bir halda, İsrail rejimini tanımayacaq və işğal olunmuş bütün ərazilər azad edilənədək İsrail təcavüzünə qarşı müqaviməti davam etdirəcək. Həmas qruplaşması İsrail tərəfinin Qəzza zolağına ən son aviazərbələrindən sonra bu xəbərdarlıqla çıxış edib. Həmasın nümayəndəsinin sözlərinə görə son üç ayda İsrail tərəfinin aviazərbələri nəticəsində 50-dək fələstinli ölüb. Son dörd gündə Qəzza zolağına endirilən aviazərbələr nəticəsində isə 20-dək fələstinli ölüb, ondan çoxu yaralanıb.
İsrail tərəfi isə fələstinli döyüşçülərin ölkənin cənub ərazilərinə 30-dan çox raket atmasına cavab olaraq aviazərbələr endirdiyini açıqlayıb. Öz növbəsində İsrail rəsmiləri də fələstinli döyüşçülərin raket hücumları dayandırılanadək aviazərbələrin davam etdiriləcəyini bildirib.
Qeyd edək ki, İsrail hərbçilərinin Qəzzaya son aviazərbələri 2009-cu ilin əvvəlindən bəri həyata keçirilən ən qanlı aksiya olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: