Hələlik Ermənistanı heç kəs silkələmək istəmir
01 Dekabr 2010 Çərşənbə 23:30
Rasim Musabəyov yaxın zamanlarda danışıqlarla bağlı dəyişikliklər gözləmir
Siyasi ekspertlər ATƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatını məsələnin həlli istiqamətində irəliləyişlərin olmamasının rəsmi səviyyədə etirafı hesab edir. Politoloq Rasim Musabəyov bildirib ki, əslində ATƏT-in son bəyanatı danışıqlarda tərəqqinin olmamasını göstərir: “Hələlik açıq şəkildə Ermənistanı heç kəs silkələmək istəmir. Sadəcə olaraq deyirlər ki, çıxın danışın, məsələləri uzatmayın və həll edin. Ancaq nəzərə almalıyıq ki, Ermənistan bu vaxta kimi tamamilə qeyri-konstruktiv mövqe tutub. Mən bu danışıqlarla bağlı yaxın zamanlarda dəyişikliklər gözləmirəm”.
Xatırladaq ki, ATƏT-in Minsk qrupu Astanada keçirilən sammiti çərçivəsində bəyanatla çıxış edib. Bəyanatda Azərbaycan və Ermənistan prezidentlərinin Rusiya dövlət başçısı ilə birgə 2008-ci il 2 noyabr tarixində Moskvada və oktyabrın 27-si 2010-cu il tarixində Həştərxanda qəbul etdikləri birgə bəyanata riayət edilməsi çağırılır. Həmçinin qeyd olunur ki, sülh yolu ilə nizamlanma bölgəyə stabillik və təhlükəsizlik gətirəcək və region xalqlarının real barışmasını təmin edəcək yeganə üsuldur.
Həmçinin ATƏT-ə həmsədrlik edən ölkələr Azərbaycan və Ermənistan prezidentlərinə münaqişənin sülh yolu ilə nizamlanmasında dəstək verəcəklərini bəyan edib. Onlar Azərbaycan və Ermənistan liderlərini diqqətlərini ikiqat enerji ilə qeyd olunan əsas prinsiplərdə əks olunan məsələlər üzərində cəmləşdirməyə çağırıb, həmsədrlərə isə danışıqlar üçün ən yaxşı atmosfer formalaşdırmağa kömək etmək üçün münaqişə tərəfləri ilə işi davam etdirməyi tapşırıb, tərəfləri atəşkəs rejiminin möhkəmləndirilməsi, bütün sahələrdə etimad mühitinin gücləndirilməsi üçün tədbirlər görməyə çağırıblar.
DOSTLARINLA PAYLAŞ: