Heç vaxt yatmayan şəhər - Təl-Əviv
27 İyun 2011 Bazar Ertəsi 12:53
Təl-Əviv əsl alış-veriş məkanıdır.
Təl-Əviv heç vaxt yatmır, digər İsrail şəhərləri kimi, hər zaman həyatın nəbzini tutmağa çalışır. Turistlərin Təl-Əvivi seçməsi məhz bu səbəbdəndir. Təl-Əviv İsrailin tam mərkəzində yerləşir, ona görə buradan siz Qüds, Neqev, Qalileo və hətta Ölü dənizinə rahat çata bilərsiniz. Bu, ən çox iki saat vaxt aparacaq. Təl-Əvivdə sizi olduqca maraqlı və əyləncəli məkanlar gözləyir. Muzeylər, çimərliklər və təbii ki, zəngin, eyni zamanda əsrarəngiz gecə həyatı. Hal-hazırda Təl-Əvivdə bir milyondan çox adam yaşayır. Onların 96.1%-ni yəhudilər, 3%-ni ərəb-müsəlmanlar, 0.9%-ni isə ərəb-xristianlar təşkil edir. Təl-Əviv İsraildə Qüds şəhərindən sonra ən çox əhalisi olan yer sayılır. Burada yəhudi dili ilə bərabər, rus, fransız, ispan, ərəb, taqal, amxar və ingilis dillərindən istifadə edirlər. Bəzi araşdırmalara görə, burada əlli mindən çox qeydiyyatsız xarici vətəndaş yaşayır. Təl-Əvivin havası çox mülayimdir: qış isti və qısa keçir, yay isə uzunmüddətli və olduqca istidir. 2008-ci ilin yayında tanınmış «New York Times» qəzeti Təl-Əvivi «Aralıq dənizinin kefli paytaxtı» adlandırıb.
Təl-Əviv yeni tarixdə ilk yəhudi şəhəridir ki, 1909-cu ildə Yaffo adlı yəhudi kvartalı kimi yaradılıb.Yaffonun o zaman cəmi 40 min əhalisi vardı. Həmin ildə Yaffodan bir yəhudi qrup - tacirlər, müəllimlər, azad peşə sahibi olanlar «Ahuzat-Bait», yəni «Doğma ev» rayonunun təməlini qoymuşlar. Əvvəl o, Yaffonun bir hissəsi idi, 1910-cu ildə isə adını dəyişdirərək Təl-Əviv adlandırmışlar. Təl-Əviv «Bahar təpəsi» deməkdir. Yeni rayon sürətlə artır və inkişaf edirdi. 1936-cı ildə burada liman açılır və bu hadisə şəhəri ərəblərdən azad edir. 1942-ci ildə Təl-Əvivdə mərkəzi avtobus stansiyası fəaliyyət göstərməyə başlayır. Birinci Dünya müharibəsi ərəfəsində burada 210 min nəfər insan yaşayırdı. 1936-1939-cu illərdə baş verən iğtişaşlar zamanı yəhudilər çox əziyyət çəkirlər. Nəhayət, 14 may 1948-ci il David Bin-Qurion İsrail dövlətinin yaranmasını elan etdi. Keçmiş «Axuzat-Bait» rayonu bugünkü Montefiori və Yequda küçələri arasında yerləşir və Təl-Əvivin tarixi mərkəzi hesab edilir.
Görməli yerləri
Təl-Əviv ölkənin maliyyə və ticarət mərkəzi hesab olunur. Hazırda şəhərdə 1 milyona yaxın insan yaşayır. Burada ən görkəmli bankların və şirkətlərin mərkəzi ofisləri, xarici dövlətlərin nümayəndəlikləri, sənaye və maliyyə konsernləri, siyasi partiyaların qərargahları yerləşir. Qədim Yaffa şəhərin tarixi mərkəzidir. Tamamilə bərpa edilməsinə baxmayaraq keçmiş füsunkarlığını itirməyib. Burada rəsm qalereyaları, bədii emalatxanalar, kilsələr və məscidlər, butiklər və çörəkxanalar yerləşir. Təl-Əvivdə hər cür arxitektura üslubu mövcuddur. Onların içərisində ən populyarı məşhur Bauhausdur. Bu üslub Almaniyada hazırlanıb və 30-cu illərdən başlayaraq, hələ İsrail dövləti yaranmamışdan əvvəl burada istifadə olunub. Təl-Əvivin mərkəzində «Ağ şəhər» kimi tanınan və bauhaus üslubunda tikilən, dünyanın ən böyük binalar qrupu yerləşir. Bu səbəbdən «Ağ şəhər» UNESKO-nun dünya sərvəti siyahısına daxil edilib.
Mətbəxi
Yəhudilərin milli xörəkləri qədim dövrlərdə yaranıb və özünə digər xalqların kulinariya elementlərini çəkib. Bu mətbəxin özəlliyi ondan ibərətdir ki, onlar bəzi məhsulları bir yerdə istifadə etmirlər. Məsələn, ət və südü eyni zamanda heç bir xörəkdə bişirmək olmaz. Qaz, dana və mal əti, yumurta, balıqlardan - durnabalığı, tərəvəzdən - noxud, çuğundur, yerkökü və onların qarışığına daha çox diqqət yetirirlər. Yəhudi mətbəxi sadə məhsullardan ibarətdir, burada minimum ədviyyat və heç bir konservant olmamalıdır. Beləliklə, əsl yəhudi mətbəxi deyəndə soyuq, içi doldurulmuş balıq və ya qaz əti, badamlı bubliklər, ştrudel - meyvəli rulet, xaşxaşlı kətə, halu - üstü xaşxaşlı çörək, teyqlah - bal içində fındıq, lekah - ballı piroq, xomentaşen - balaca üçbucaq pirojnalar, müxtəlif kuqlilər (əriştə supu) - çuğundurlu, soğanlı, turplu - nəzərdə tutulur. Yəhudi dinində hər bayramda ayrı-ayrı xörəklər bişirilir. Əsas bayram Pesax adlanır. Bayramda «madamel» və «matsa» - yəhudi kökəsi hazırlanır. Roş-ha-Şana, yəni yəhudilərin Yeni il bayramında məşhur tsimmes (tərəvəz və quru meyvələrdən şirniyyat növü) bişirilir.
Şopinq
Təl-Əviv əsl alış-veriş məkanıdır. Burada antikvar və məhşur markaların dükanları, qadınların zəif nöqtəsi olan bəzək əşyaları və bahalı daş-qaş mağazaları göz oxşayır. Təl-Əvivdə bir neçə böyük bazar var ki, burada siz istənilən məhsulları çox münasib qiymətə əldə edə bilərsiniz. Betsalel bazarı şəhərin mərkəzində, Allenbi və Kinq Corc küçələrinin yaxınlığında yerləşir. Bu bazarla üzbəüz İsrailin ən böyük ticarət məkanı hesab edilən Karmel bazarı yer alır. Burada sizin ədviyyat, marinad, meyvə, tərəvəz, ət, balıq, ev üçün lazımı əşyalar, hər növ geyimlər almaq imkanınız olacaq. Nahlat Binyamin küçəsi isə həftədə iki dəfə ticarət məkanına çevrilir: ustalar əl işlərini (rəsmlər, qablar, suvenirlər) satışa çıxarır, musiqiçilər, klounlar və fokusçular çıxış edir. Ən böyük ticarət məkanları Dizenqof Senter, Azrieli, Ramat-Aviv və Qan Ha-İr sayılır. Burada bahalı eksklüziv əşyalar satılır. Cümə axşamı və cümə günləri Dizenqof Senter və Qan Ha-İr mərkəzlərində kiçik sahibkarlar öz mətbəxini və məhsullarını nümayiş edir. Opera qalası da alış-veriş üçün daha bir maraqlı məkandır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: