İsrail Knessetinin (parlament) deputatı, “Bizim Evimiz İsrail” Partiyasının üzvü Anastasiya Mixaeli Yerusəlimdə iki naməlum şəxsin hücumuna məruz qalıb.
APA-nın “Mignews”a istinadən verdiyi məlumata görə, hamiləliyinin 9-cu ayında olan A. Mixaeli iş gününün sonunda axşam vaxtı öz avtomobili ilə Yerusəlimin kənarındakı yanacaqdoldurma məntəqəsinə daxil olub. Bu zaman işıqları söndürülmüş başqa bir avtomobil arxadan onun maşınına çırpılıb. Avtomobildən çıxan deputat sığorta şirkəti üçün standart prosedurları yerinə yetirmək üçün qəzanı törədən sürücüyə yaxınlaşıb. Ancaq həmin avtomobildə olan iki naməlum şəxs qadın siyasətçini hədələməyə başlayıb və onlardan biri A. Mixaelinin qarnına zərbə endirib. Xoşbəxtlikdən uşaq zərər çəkməyib. Yanacaqdoldurma stansiyasının işçiləri A. Mixaelinin köməyinə gəliblər. A. Mixaeli insident zamanı deputat olduğunu söyləmədiyini və polis çağırmadığını, hadisə barədə parlamentin təhlükəsizlik idarəsinin rəisini məlumatlandırdığını bildirib.
APA